Tanınmış rəssam Fuad Tahir Manafov Azpost.info-ya müsahibə verib.
Müsahibəni oxucularımıza təqdim edirik:
…Fuad Tahir Manafovla vədələşdiyimiz bu yerdə, İçərişəhər divarlarının o üzündəki bayırşəhərdə, daşa çevrilən ulu keçmişin azman kölgəsinin əskilmədiyi, adama xoş ovqat bəxş edən Sabir bağında görüşdük və hal-əhval tutandan sonra ləngimədən də mətləbə keçdik, söhbətə başladıq.
Tanımayanlar, tanısın…
Azərbaycan rəssamı Fuad Tahir Manafov 1968-ci ildə Bakıda doğulub. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü olan bu fırça ustası 1984-1988-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Ancaq müharibə dumanına bülənd olan taleyin qarışıqlı illəri ucbatından Fuad Tahir tək yaradıcılıqla məşğul olmayıb. O, düz dörd il, 1992-1996-cı illər ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı olaraq xüsusi xidmət orqanlarında xidmət edib.
1996-cı ildən 2016-cı ilədək Fuad Tahir təhlükəsizlik xidmətində çalışıb. Savaşçı rəssam Qarabağ müharibəsi veteranıdır.
Deyir ki…
– Özümdən çox danışmayım. 1968-ci ildə Bakıda doğulmuşam. Rəssamlıq təhsilimi Əzim Əzimzadə adına məktəbdə alandan sonra hərbi xidmətə və hərbi xidmətdən dönəndə də çətin dövr gəlib yetişdiyinə görə sənətdən uzun müddət ərzində ayrı düşmüşəm, çünki bizim sənətə də diqqət azalmışdı. Sanki bu sənət daha heç kimə lazım deyildi və mən başqa bir sahəyə üz tutmalı oldum. Geniş açıqlama verməyim, qısaca… Belə deyək, təhlükəsizlik xidməti sahəsində işləməli oldum. Uzun müddətli bir fəaliyyət. Onu da deyim ki, bütün bu baş verənlərə baxmayaraq rəssam kimi yenə də öz sənətimdən uzaq düşmədim.
Zəmanə belə gətirmişdi, amma mən yenə də vaxt tapan kimi çəkirdim, daha çox da gecələr işləyirdim. Düzdür, çətin idi, xeyli sıxıntılar olurdu və baş verənlərin məndə necə dərin psixoloji təsir buraxdığını hiss edirdim, ancaq yenə dözüb özümdə güc tapırdım. Dediyim kimi gecələr işləyirdim. Müharibə bir yaradıcı insan kimi kimi mənim də həyata olan baxışımı dəyişirdi. Ancaq hər şey dəyişdi. Şükürlər olsun ki, artıq o günlər arxadaqalıb.
Daha bir xatırlatma…
Qarabağ ərazisində, eləcə də Cəbrayılda, Füzulidə DİN tərəfindən hazırlanmış bəzi xüsusi əməliyyatlarda iştirak edən Fuad Tahir Manafov bu sahədə işlədiyi dövrlər ərzində də yaradıcılıqdan uzaq düşməyib. “Qız Qalası”, “Xətai Sənət Mərkəzi”, eləcə də “Karvan” sənət qalereyalarında, həm də kollektiv sərgilərdə öz çəkdiyi rəsmləri ilə iştirak edib. O sadə sənətçidir, amma onu təkcə biz tanımırıq. Sənətinə, çəkdiyi əsərlərinə olan böyük maraq bu rəssamı vətəndən uzaqda, Rusiya, Çin, Almaniya, Türkiyə Böyük Britaniya eləcə də digər ölkələrdə tanıdıb. Onun rəsmlərinin çoxu şəxsi kolleksiyalarda saxlanılır.
Rəsmlərinizin cəlbediciliyi yaxın keçmişin ab-havasından xəbər verir. Əsərlərinizə baxanda adamda elə təsəvvür yaranır ki, sanki Fuad Tahirin sənət emalatxanasının qapısı ötən əsrlərə açılır…
– Bunu çox adamlar deyib mənə. Deyirlər ki, axı sən niyə ötən əsrdə ilişib qalmısan, ancaq yetmişinci, səksəninci illəri təsvir edirsən və sairə… Amma, mənə elə gəlir ki, fərq göz qabağındadır. O dövrlər, həm də həmin dövrlərin insanları, düşüncələri və təlim-tərbiyələri, həyata baxışları, bir çox belə gözəl xüsusiyyətləri. Yəni hər nə varsa, təbii və gözəl idi. Həmin adamların pozitiv ovqatı və əxlaqı vardı, çünki onlar mehriban olmağı, gülümsəməyi, eləcə də dəstək verməyi bacarırdılar. O dövrlərdə həyat baxışımız necə idi, indi necədir. Bəs indi nə var? Yerdən göyəcən fərq var axı. Gəlin, indiki dövrlərlə yaxın keçmişi, ötən əsri, o illəri müqayisə edək, edə bilərik?!
Yox!. Bu mənim subyektiv krim də deyil, əslində həqiqətdir. Və mən düşünürəm ki, ötən əsrin, yaxın keçmişin adamları daha müasir, daha sevimli, daha çox səmimi və mehriban idilər, amma indi? Elə sizdən də soruşuram, indi bizdə ürəkaçan nə var, nə görürük, heç nə. Aqressiyadan başqa heç nə! Hətta müasir evlərin, qapıların rəngi belə dəyişib. Ancaq əvvəllər, həmin yaxın keçmiş dediyimiz o dövrlərdə evlərimizin, qapılarımızın qırmızı, mavi kimi ürəkaçan rəngləri vardı, görəndə də adamın könlü açılardı, amma indi? Hər şey dəyişib, yəni pisliyə doğru.
Bəzi əsərlərdə müasir Bakının təsvirlərini görəndə adam ötüb keçmək istəyir, çünki gözqamaşdırıcı, parlaq rənglərdən savayı heç nə tapmırsan. Hətta texnikası olsa da sənətkarlıq yoxdur. Orijinallıq, üslub yox, nə ifadə, nə də yaradıcı fantaziya var.
– Haqlısınız. Məncə, elə sizin üçün də çox maraqlı olar, bir haşiyə çıxacam. 2010-cu ildə mən Həcc ziyarətində oldum. Şərq və xüsusilə də Ərəbistanın çölləri, səhraları mövzusu mənə yön verən, çoxdan mənim üçün yaradıcılıqda yeganə bir istiqamətə, xəttə çevrilmişdi. Mövzu kimi Şərq aləmi, bu tarixi coğra ərazi, Ərəbistan rəssam kimi həmişə məni maraqlandırıb. Mənim təsəvvür etdiyim və yaxından müşahidə edib görmək istədiyim Şərq şüuraltıma belə oturmuşdu. Düzünü desəm, mən bu ziyarətdən də daha çox görmək istədiyim əsl Şərqin ab-havasını görüb hiss etmək arzusu ilə yola çıxmışdım. Məhz elə buna görə istiqaməti elə seçmişdim ki, bir neçə ölkədən keçib gedim ziyarətə. Amma çox əfsuslar olsun ki, mən Şərqi görmədim və Məkkədə, Mədinədə tamamilə fərqli, yad mənzərələr gördüm. Tamamilə heç nə yox idi. Şərqin sadəcə adı vardı, nə o koloriti qalmışdı, nə də klassikliyi ilə adamı cəlb edən bir şey. Oradakı həmin proseslər elə indi Bakıda da davam edir. Ətrafımızdakı binaları elə pis şəkildə, həmçinin müasir formada bərpa edib qururlar ki, tikili öz simasını tamamilə itirir. Bərpa əslində elə keçmişi qorunması deməkdir və əslində belə də olmalıdır, amma bizim şəhərdəki binalara yanaşma tərzində bu görsənmir.
Sağınıza baxın, solunuza baxın, amma bir dənə olsa belə öz klassik formasını, həm də qədimliyini saxlaya bilən normal tikili, abidə görə bilməzsiniz, çünki hamısını elə günə qoyublar ki… Fikir vermisinizsə, son on beş-iyirmi il ərzində bir rəssamın belə şəhərdə, hansısa məkanında oturub etüd elədiyini görən olmayıb, çünki çəkiləsi nə isə qalmayıb, yeni heç nə yoxdur. Rəssam baxışı sadə vətəndaşların zövqündən çox fərqlidir. Əgər bir rəssam hansısa binada, hətta müasir binada orijinallıq, incəlik və müəyyən antik nişanələri tapa bilmirsə, deməli, o binalar ondan ötrü artıq maraq kəsb eləmir. Hal-hazırda bizim Bakıda bu cür tikililər yoxdur. Olsa, rəssamlar orada bir neçə dəqiqə oturub nə isə çəkərdi də. Yoxdur axı.
Öncə antik dövrlərin və sonra getdikcə formalaşan klassik rəngkarlıq sənətinin varisi kimi dirçələn, eləcə də inkişaf edən bu qədim rəssamlıq sənəti o a əsrlərdən başlayaraq daha da çiçəklənməyə başladı və bununla rəngkarlıq təkamül dövrünə qədəm qoydu. İndi dünya dəyişib, artıq rəqəmsal texnologiyaların, eləcə də süni intellektin köməyi ilə hər hansı bir əsərə uyğun rənglər tapmaq mümkündür. İndi texnologiya sənət sifarişi qəbul edir, süni rəsmlər yaranır. Belə bir müasir inkişafda olan dünyada rəssamlıq gələcəyin sənəti kimi bu texnoloji yüksəlişlərin qarşısında duruş gətirə biləcəkmi?
– Bu müvəqqəti bir prosesdir və texnoloji yeniliklərin qələbə çalmaq şansı yoxdur. Təsəvvür edin ki, kitabda super, hətta 3D formatında çox təbii görünən xörəyin fotosu var, yəni adama elə gəlir ki, əl atıb belə götürmək olar, amma qarşınızda da həmin yemək var. Amma sonucda insanın seçimi yenə təbiilik olacaq. Yaponiyanın özündə belə xörək şəkillərinə hətta qoxu əlavə edirlər. Ancaq adamlar da axı təbii olanı seçir, çünki yeməyin real görünüşü, qoxusu və ləzzəti öncə göz yaddaşımıza, şüuraltımıza hopub. Biz cəlbedici o super fotonu yox, təbii yeməyi seçirik. Bunların hamısı keçici proseslərdir. Süni olanın heç vaxt uzun ömrü olmur. Bir ara bu sənətin düşgün dövrlərində ofslərə, evlərə, eləcə də müxtəlif təyinatlı tikililərə və idarələrə posterlər dadanmışdı. Çox primitiv, həm də yeni üsulla çap edilmiş həmin şəkilləri indi niyə görmürük? Yoxdurlar, çünki bu obyektiv səbəbdir. Sənət deyildi, həqiqi yox, bəsit idi, sənətkarlıq baxımından da keyfiyyəti yox. Baxın, sonda xalq yenə də əsl sənətə döndü. Həqiqətən də rəssamın əziyyətinin, zəhmətinin, yəni alın tərinin hesabına ərsəyə gələn və istehsal olunan məhsulun əvəzini heç nə verə bilməz. Axı rəssamın fəaliyyətinin özü də istehsalatın bir növüdür. Fikrimcə, rəssamlıq sənətini yüksək texnologiyanın köməyi sayəsində yaranan süni əsərlər ötə bilməz. Heç vaxt onlar əsl rəsmləri əvəz edə bilməyəcək.
Dediyiniz kimi rəssamlıq da istehsalatın bir sahəsidirsə, bəs onda rəssamlıq nədir, peşədir, yoxsa həyat tərzi?
– Yox. Rəssamlıq həyat tərzidir və həyata baxışdır. Rəssamlıq içini tökmək, özünü tanıtmaq deməkdir. Sən özün necəsənsə, hər əsərində də bu hiss olunmalıdır, yəni sən öz əsərlərinə oxşamalısan. Mənə görə əgər sən bir rəssam kimi öz çəkdiklərinin tamamilə əksi olan həyat tərzini seçib elə yaşayırsansa, deməli, sən əsl sənətkar da deyilsən. Yəni sən əslində daxili dünyana yad olan tamamilə başqa bir rəsmi, özgə düşüncəsini çəkirsən, sanki nağıla bənzər paralel aləmin təsviridir.