Kulis.az Ülvi Bahadırın "Qaraca qız" filminin Xədicəsi Leyli Axundova ilə müsahibəsini təqdim edir.
– Leyli xanım, necə bir ailədə doğulmusunuz?
– Mən kinoda öz həyatımı oynamışam. Dövlətli ailədə doğulmuşam. Valideynlərimin on il uşaqları olmayıb. On ildən sonra mən olmuşam.
– "Qaraca qız" ta uşaqlıqdan sevərək baxdığımız filmlərdəndir. Sizi bu rola kim dəvət elədi?
– Atam kinoya çəkilməyimə razı deyildi. Birinci sinifdə oxuyurdum. Musiqidən imtahan verdim, sonra apardılar məni gəzməyə. Orada Şamil Mahmudbəyovun köməkçisi Rəşid müəllim yaxınlaşdı bizə, dedi ki, mən bayaqdan sizin dalınızca gəzirəm. Bu uşağı filmə çəkəcəyik, filmdəki bəyin qızı Xədicəyə çox bənzəyir. Atam dedi ki, bu bacarar? Uşaqdı axı. O da dedi ki, bacarar. Mən bayaqdan fikir verirəm ki, necə aydın danışır, söhbət edir. Bizdə qələm yox idi, onda da olmadı. Kibriti yandırdı. Qarası ilə qutunun üstünə yazdı. Sonra itirdilər onu. Onda telestudiya Hökümət evinin yanında idi. Bizə demişdilər ki, telestudiya buradadır, yaxınlaşın. Atam da demişdi ki, biz gedirik Kislovodska. Ancaq Rəssamlar İttifaqının üzvü olduğunu da qeyd eləmişdi. Bunlar birtəhər tapdılar; Axundov İsmət. Axundov da elə çox yayılmamış soyad idi. Bizə Kislovodska teleqram gəldi. Teleqramda yazılırdı ki, artıq çəkilişlər başlayıb. Yarımçıq geri qayıtdıq. Kinostudiyaya gələndə Şamil müəllimlə Arif müəllim məni görən kimi dedilər ki, sən bir şeir de. Sonra ehtiyac olmadı. Bakıda çəkiliş olmamışdı. Biz getdik Çuxuryurda. Bütün çəkilişlər Çuxuryurdda olmuşdu. Ora konsertmeyster gəlmişdi. Çəkiliş yerində şərait yox idi. Qaz da yox idi. Yeməyi ocaqda bişirirdilər. Biz bir ay qaldıq Çuxuryurdda.
– Onda neçə yaşınız var idi?
– Yeddi-səkkiz.
– Uşaq idiniz. Çətin deyildi?
– Əslində, elə də çətin deyildi. Mən tək uşaq olduğuma görə çox ərköyün idim, bəzən nəsə deyiləndə eləmək istəmirdim. Amma hesab edirəm ki, hər şey yaxşı alındı. Onlar istəyirdilər ki, mən nələrisə təkrar edim. Mənsə eləmək istəmirdim. Deyirdim, qoy əzbərləyim. Onları çox incidirdim.
– Məktəbə gedirdiniz?
– Bu, çox çətinlik yaradırdı. Bəzən dərsə gedirdim, dərsdən sonra çəkilişlərə gəlirdik. Gecə saat on ikidə evə gedirdik. Bir uşaq üçün də bu, çox çətin idi. Ümumiyyətlə, aktyor, aktrisa olmaq çox ağırdır.
– Çəkiliş zamanı nə kimi çətinliklərlə qarşılaşırdınız?
– Biz Sevillə dərsə gedirdik, orada oynayırdıq. Axırda Qaraca qızın ölüm səhnəsini çəkməyə başlamışdılar. Mənə dedilər ki, Tutu ölüb, bu da onun qəbridir. Məndə isterika başlandı. İki gün nə qədər ağladım. Bütün çəkiliş heyəti mənə baxıb ağlayırdı. Sonra dedim ki, daha sizin kinonuzda çəkilmirəm. Anam demişdi ki, bu, arsızdı, bütün günü gülür. Elə edək bu doğrudan ağlasın. Amma bu mənim üçün böyük travma oldu. Sonra dedilər ki, tez Sevili gətirin, görsün ki, Sevil sağdır.
Bir də ilanlar mənim üçün çox qorxulu idi. Zəhərli deyildilər. Zooparkdan götürmüşdülər. Onlar da qaçdılar. Mən neçə gün qorxudan qızdırmada yatdım. Anama demədilər. Ona dedilər ki, biz epizod çəkirik, siz burada gözləyin. Biri balta saxlayır, biri bel, mənə də deyirlər ki, qorxma, Leyli. Mən də axmaq deyiləm axı. Dedim ki, qorxulu deyilsə, siz əlinizdəkiləri niyə saxlayırsınız? Dedilər ki, yox, yox, qorxulu deyil. Yubkanı açacağıq, onu buraxacağıq, vəssalam. Təbii ki, mən yenə də qorxdum. Şamil müəllim dedi ki, qorxduğun üçün onu ürəkdən eləmədin. Onu sonra yenidən çəkərik. Xəstələndim, qızdırmam qalxdı.
– Sevil xanımla əvvəldən görüşmüşdünüz?
– Yox, ilk dəfə çəkiliş meydançasında görüşmüşdük.
– Onunla münasibət necə idi?
– Baş rol, əslində, Tutu idi. Filmdə iki Tutu çəkilir. Bir balaca Tutu, bir böyük. Balaca Tutu olan bütün epizodları kəsdilər. Yalnız iki epizod qaldı, vəssəlam. Ona görə mən onlardan çox pul aldım. Onda yeddi yaşlı uşaq üçün 1680 manat çox böyük pul idi.
– Amma Sevil xanım müsahibəsində deyib ki, elə bir şey olmayıb.
– Necə olmayıb? İstəyirsiniz, gedin 23 saylı məktəbə. Qaraca qızı oradan seçmişdilər. Nərminə idi adı. Mən onu görən kimi tanıdım. Deyir ki, Leyli xanım, onda mən lap balaca idim, necə yadınızda qalmışam? Ancaq bizdən böyük görsənirdi.
Sevil xanım yalanı çox sevir. Anası onları atmışdı. Onda milis işləyirdi. İki uşağını əmisinin üstünə atıb getmişdi. Amma Sevil xanım məktəbdə başqa şeylər danışırdı. Mən axı bu söhbəti bilirdim. Çox qeyrətli atası var idi. Qadın naxoşladı, öldü, kişi onu özü dəfn elədi.
– Nə baş verdi ki, hər şey bu nöqtəyə gəldi? Bir anda münasibət kəskinləşdi?
– Bir dəfə məni pis vəziyyətə qoydu. Verilişə birlikdə çıxmalıydıq. Dedi ki, gələcəm. Mənim yoldaşım prokurorluq işçisi idi, verilişə çıxmağımı istəmirdi. Mən də dedim ki, Sevil də gələcək. Son anda mənə xəbər verdilər ki, Leyli xanım, Sevilə zəng edirik, telefonu söndürüb. Deyirəm, necə yəni söndürüb? Götürüb zəng edirəm, görürəm, həqiqətən, söndürüb. Yoldaşım da eşitdi, dedi, sən də getmirsən. Belə oyun çıxardı, mən də camaatın yanında pis vəziyyətdə qaldım. Sonra dedi ki, mən utanıram bu kinoda çəkildiyimə görə. Bu kinonu, həqiqətən, çox yaxşı çəkiblər. Şamil Mahmudbəyov çox istedadlı rejissordur. Arif Nərimanbəyov da gözəl operatordur. Mən fəxr eləyirəm ki, bu kinoda çəkilmişəm.
– O filmdən sonra dəvətlər aldınız?
– Əlbəttə, nə qədər çağırırdılar məni. "Dovjenko", "Mosfilm" kinostudiyalarından, Kiyev, Odessa, Pribaltikadan istəyirdilər ki, məni filmə çəksinlər. Onda Toğrul Nərimanbəyov atama dedi ki, İsmət, gedib danışmışam. Leylini imtahansız qəbul edəcəklər. Atam dedi ki, yox, mənim qızım aktrisa olmayacaq. Sonra peşman oldu, dedi ki, kaş sənə mane olmazdım.
– Sizin öz arzunuz olub?
– Məndən Türkiyədə nələr yazıblar. "İzmir gözəli" deyirdilər mənə. Şəkillərimi də çəkmişdilər. Mənim nənəm türk qızı olub, İzmir şəhərindən. Ana tərəfdən ulu nənələrim ayrı millətdən idi. Biri xorvat idi, biri türk. Ana tərəfdən bir tərəfim gürcüdür, bir tərəfim fars. Ona görə də mən azərbaycanlılara oxşamıram.
– Bir müsahibənizdə "Nəsimi" filminə dəvət aldığınızı demisiniz.
– Hə. Həyat yoldaşım o filmə də qoymadı, "Nizami"yə də.
– Kimdən gəldi təklif?
– Bizim rejissorlardan. Dedilər ki, Leyli xanım, çox istərdik ki, siz də bu filmə çəkiləsiniz.
– Hansı rola?
– O qədər zaman keçib ki, indi heç xatırlamıram. Bir oyun çıxardı, dava saldı ki, dedim, yaxşı, heç yerə getmirəm.
– Həyat yoldaşınızla necə tanış olub evlənmisiniz?
– Qohumum vardı, o da prokurorluqda işləyirdi. O dedi ki, yaxşı bir oğlan var, istəyirəm, səni onunla tanış edim. Atam ona o qədər qarğış edirdi ki... Anamgil də məni heç kimə vermirdi. Bu pisdir, o pisdir. Dedim, ana, siz gedirsiniz ərə?
– Sonra özünüz razılaşıb ailə qurdunuz?
– Buna da anam razı deyildi. Deyirdi ki, mən şamaxılıya, gəncəliyə qız vermərəm. Həyatda hər şey qismətdir.
– Demisiniz ki, mən xoşbəxt anayam, ancaq xoşbəxt qadın deyiləm.
– Düzdü, mən xoşbəxt anayam. Mənim çox gözəl qızlarım var. Bir qızımın dörd övladı var. Ona baxanda, maşallah, elə bil gənc qızdır.
– Hər halda yoldaşınız sizin filmdə çəkildiyinizi bilirdi.
– Bəli. Ancaq onunla danışmaq olurdu ki? Özümə ancaq iş açardım.
– Filmə qayıtmışkən, orada hansısa epizodlar təkrar çəkilib?