Göygöldə yol qəzası törətməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq prosesi oktyabrın 9-na təyin edilib.
Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, hadisə 15 oktyabr 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Göygöl rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin idarə etdiyi “Renault T480” markalı Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşını Bakı istiqamətində hərəkət etdirərkən piyada Ş.Ələsgərovu vurub. Nəticədə ağır bədən xəsarətləri alan yaralı ölüb.
Kamal Məmmədov