Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Vasif İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 1986-cı il təvəllüdlü Vasif İsmayılov 2021-ci ildə paytaxtın Xətai rayonu, Nobel prospekti 108 ünvanında yerləşən şirkətlərdən birinə məxsus 30 000 dəyərində krana görə ayda 2 400 manat icarə haqqı verəcəyini vəd verib. O, kranı icarəyə götürmək adı ilə götürərək vədinə əməl etməyib sonradan başqa şəxslərə satıb.
Bundan başqa, Vasif İsmayılov həmin şirkətə 80 000 manat dəyərində olan ekskavatora görə ayda 5 000 manat icarə haqqı verəcəyini vəd verib. O, ekskavatoru icarəyə götürmək adı ilə vədinə əməl etməyib, sonradan başqa şəxslərə satıb. Eyni zamanda Vasif İsmayılov zərərçəkmiş Qabil Qabilova (şərti) özünü avtomobil ticarəti ilə məşğul olan şəxs kimi təqdim edib. O, həmin şəxsə məxsus “MMZ-5549” markalı avtomaşını satıb, 15 gün müddətinə nəqliyyat vasitəsinin dəyəri olan 5 500 manat pulu verəcəyini vəd edib. Daha sonra təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyib.
Kamal Məmmədov