"Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Bakıda səsləndirdiyi fikirlər əslində maraqlı qüvvələr tərəfindən fərqli formada mühakimə edilməkdədir. Eləcə də Əli Kərimli və digərləri bunu özlərinə uyğun, özlərinə sərf edən şəkildə təqdim etməyə çalışırlar. Narişkin səsləndirdiyi fikirlərdə elə də ciddi narahatlıq doğuracaq məsələ yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya arasında strateji müttəfiqlik haqqında 2022-ci ilin fevral ayının 22-də müqavilə imzalanıb. Bundan əvvəlki dönəmlərdə də müxtəlif çaplı müqavilələr olub. Əslində hər iki ölkə arasında separatçılığa, terrorçuluğa, beynəlxalq xarici təhdidlərə qarşı birgə mübarizə məsələsində nəzərdə tutulub. Narişkinin səsləndirdiyi fikirlərə də bu kontekstdən yanaşmaq lazımdır. Onun açıqladığı "sistemdənkənar müxalifət və beynəlxalq terrorçu təşkilatlar" ifadəsində daha çox xaricdən maliyyələşən, xarici qüvvələr tərəfindən ölkələri təhdid edən güclərin bilavasitə alətinə çevrilmiş qüvvələrdən söhbət gedir, onlar hədəf götürülür. Ölkədaxili müxalifət həmin ölkələrə qarşı olan qüvvələrə xidmət etmirsə, öz ölkəsinə xidmət edirsə, heç bir halda bundan narahat olmamalıdır".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.