Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən hadisə ilə bağlı məhkəmə gedir. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş gərgin başlayıb.
Məlumat üçün deyək ki, bu iş üzrə üç nəfər - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir.
İlk iclasdan görünən odur ki, həm təqsirləndirilən şəxslər, həm hüquqi varislərdən bəziləri işin istintaqından narazıdırlar. Mehriban Abasquliyeva iki vəkili və bir nümayəndəsi vasitəsilə etirazını məhkəmənin diqqətinə çatdırıb.
“Hadisə vaxtı işdə olan həkimlər uşaqları xilas etmək imkanları olduğu halda bunu etməyiblər. Məsələn, tibb bacıları körpələrin yanında olmalı olduğu halda gedib mətbəxdə çay içiblər. Amma həmin şəxslər bu gün ittiham edilmir. Niyə?”, - Abasquliyevanın vəkili Muxtar Mustafayev sual edib.
Hadisə nəticəsində körpəsini itirən Lalə Ramazanovanın nümayəndəsi də işin istintaqa qaytarılmasında maraqlıdır. Nümayəndə hesab edir ki, bu hadisədə başqa şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidir.
“Hadisənin necə baş verməsi qalıb kənarda, istintaq başqa yöndə aparılıb. Bundan başqa, hadisə baş verən vaxt xəstəxanada olan bəzi işçilər məsuliyyətə cəlb edilməyib. Halbuki onlar kömək edə bilərdilər. İndi həmin işçilər zərərçəkmiş kimi tanınıblar. Evində olanlar cəlb edilib, iş başında olanlar yox. Hesab edirik ki, bu iş istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, bəzi məsələlərə yenidən baxılmalıdır”, - nümayəndə deyib.
Mehriban Abasquliyevanın qardaşı, keçmiş məhkəmə hakimi Çingiz Bəşirov da bacısının müdafiəsində iştirak edir. O, təqsirləndirilən şəxsin nümayəndəsi kimi məhkəmədə iştirak edib.
Çingiz Bəşirov bacısının işinə ilkin istintaq vaxtı düzgün qiymət verilmədiyini deyib, iddia edib ki, müstəntiqlər işdə saxta sənədlərdən istifadə ediblər. Onun sözlərinə görə, sənədlərin əksəriyyətinin əsli olmayıb, təqsirləndirilən şəxslərin adından imzalar atılıb.
Prokuror Orxan Səmədov isə nümayəndənin iddialarına sərt reaksiya verib, məhkəmədən tədbir görülməsini istəyib: “Nümayəndə dövlət orqanını saxta sənədlərdən istifadə etməkdə ittiham edir. Buna yol vermək olmaz. Məhkəmə buna qiymət verməlidir”.