Xəbər verildiyi kimi, “Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.
Baş nazirin bu qərarı Azərbaycanda böyük rezonansa səbəb olub: İlk dəfədir ki, yüksək vəzifədə olan şəxsə qarşı belə cəza “kəsilir”. İndiyədək Baş nazirin qərarı ilə hansısa məmura töhmət elan edilməsi praktikasına Azərbaycanda rast gəlinməyib. Buna görə də ictimaiyyət arasında “Azərenerji” prezidentinin niyə belə cəzalandırıldığına dair müxtəlif versiyalar müzakirə olunur.
Sərəncamda töhmətə əsas kimi elektrik enerjisi ixracında razılışdırılmamış artım göstərilir. Azərbaycanın elektrik enerjisi ixracında kəskin artım 2015-2016-cı illərdən müşahidə olunmağa başlayıb. Neft qiymətlərindəki kəskin eniş fonunda ölkəyə valyuta axınının azalması iqtisadiyyatda ciddi problemlərə yol açdı. Bundan sonra hökumət neftdənkənar ixracın artırılmasına hədəfləndi. Nəticədə ixracının artırılması qərara alınan məhsullardan biri kimi elektrik enerjisi müəyyənləşdirildi. 2015-ci ildə 294 milyon kVt/saat təşkil edən enerji ixracı 2016-cı ildə 646 milyon kVt/saata, 2017-ci ildə 1,2 milyard kVt/saata, 2018-ci ildə 1,4 milyard kVt/saata, 2019-cu ildə 1,8 milyard kVt/saata, 2020-ci ildə 1,3 milyard kVt/saata, 2021-ci ildə 1,6 milyard kVt/saata, 2022-ci ildə 1,7 milyard kVt/saata, 2023-cü ildə isə indiyədək olmayan həddə - 4,3 milyard kVt/saata qədər yüksəlib.
Son iki ildə aparılan araşdırmalar üzə çıxarıb ki, enerji ixracından külli miqdarda qazananlar olub. Bura “Azərenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyevin ailə üzvləri, həmçinin indiki prezidenti Balababa Rzayevin öz ailə üzvləri – kürəkəni və oğlu daxildir.
2021-ci ilin dekabrında B.Rzayev jurnalistlərə açıqlama verərək Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkətinin fəaliyyət göstərdiyini, bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracının həyata keçirildiyini deyib. B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla enerji mübadiləsi reallaşdırılır.
B.Rzayev Gürcüstana enerji ixracının necə reallaşdığını açıqlamayıb. Axı Azərbaycandan elektrik enerjisi idxal edən iki ən böyük alıcıdan biri Türkiyədirsə, digəri Gürcüstandır. “Azərenerji” prezidenti heç vaxt ikinci böyük alıcıyla münasibətlərin necə qurulduğuna toxunmayıb. Çünki burada özünün də biznes maraqları olub. Gürcüstanda Azərbaycandan enerji ixracını inhisarda saxlayan şəxslə E.Pirverdiyev və B.Razeyin oğlunun çoxsaylı ortaq biznesləri fəaliyyət göstərir. Məhz həmin şəxsin nəzarətində olan şirkətlər Azərbaycandan enerjini alaraq Türkiyəyə sataraq yüz milyonlarla dollar gəlir əldə edib.
Əvəzində B.Rzayevin oğlu Fuad Rzayevin Gürcüstandakı biznes fəaliyyətinə əlverişli şərtlər təmin olunub. O, qonşu ölkədə elektrik avadanlıqlarının idxalından tutmuş daşınmaz əmlak sahəsinə qədər çoxsaylı sahələrdə çalışan şirkətlərin yaradıcısı, yaxud payçısına çevrilib.
Ötən ilin rekord enerji ixracı bu il kəskin azalmaya məruz qalıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 57,5 milyon dollar dəyərində 1 milyard 18,7 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Əvvəlki illə müqayisədə ixrac gəlirləri 257,5 milyon dollar (5,5 dəfə), ixrac olunan elektrik enerjisinin həcmi isə 1 milyard 830,3 milyon kVt/saat (2,8 dəfə) azalıb. 2023-cü ilin yanvar-avust aylarında 2 milyard 849 milyon kVt/saat həcmində elektrik enerjisi ixracı edilərək, 315 milyon dollar gəlir əldə olunmuşdu.
İxracın və gəlirlərin azalması fonunda xaricə satılan elektrik enerjisinin orta ixrac qiymətində də azalma müşahidə olunub. Belə ki, hər min kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti hesabat dövründə 56 dollar (96 manat) təşkil edib. 2023-cü ilin yanvar-avqust aylarında isə orta ixrac qiyməti 111 dollar (188 manat) idi. Beləliklə son bir il ərzində Azərbaycanın xarici ölkələrə satdığı elektrik enerjisi 54 dollar və ya 92 manat, başqa sözlə 49 faiz ucuzlaşıb (hər kVt/saat enerjinin dəyəri isə son bir ildə 9 qəpik azalaraq 10 qəpiyə düşüb).
2024-cü ilin 8 ayının nəticələrinə görə, elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,32 faiz, qeyri-neft sektoru üzrə ixracında isə 2,64 faiz paya malik olub.