Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Tural Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla o, 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə 14 fevral 2024-cü il tarixdə, saat 21:30 radələrində Abşeron rayonu, Fatmayı kəndinin girişindəki avtomobil yolunda qeydə alınıb.
Belə ki, həmin yerdə iş üzrə zərərçəkmiş Güman Əsədov (şərti) şəxsiyyəti araşdırma ilə məlum olmayan qadını etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” avtomobilindən düşürüb. Bu zaman Tural Babayev zərərçəkmişə maşını kəndin girişində saxlamasına görə irad bildirib. Sonra o, Gümanın üzərinə hücum edib bir dəfə qəsdən yumruqla onun sifət nahiyəsinə zərbə vuraraq, xəsarət yetirib.
Hadisədən sonra Tural Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov