Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Uğur Cəmilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə 30 aprel 2024-cü il tarixdə, səhər saat 06 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Uğur Cəmilov bir neçə gün rayonların birində çalışıb evə qayıdarkən arvadı, zərərçəkmiş Maya Cəmilova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının bacısının təhriki ilə ondan icazəsiz kredit götürməsi və azyaşlı uşaqları ilə mobil telefonla əlaqə saxlamasına icazə verməməsi olub. Bu zaman o, əsəbiləşib Mayanın üzərinə hücum edib qəsdən onun baş və sifət nahiyəsindən şillə, yumruqla zərbələr endirərək qadının sağlamlığına yüngül zərər vurub.
Hadisədən sonra Uğur Cəmilov saxlanılıb və o, cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov