Dizayner Aynur Xəlilova yutubda yayımlanan "Hərşeyşünas" adlı podkastının yeni mövsümünə start verib. OLAY yazır ki, onun budəfəki həmsöhbəti Əməkdar artist Tahir İmanov olub. Sənətçi KVN-nin bu günə qədər keçdiyi çətin yolundan söz açarkən Rusiyada yaşayan azərbaycanəsilli iş adamı Araz Ağalarovun adını xüsusi vurğulayıb:
“Bizə o vaxt dövlətin dəstəyi demək olar ki, 0 dərəcəsində idi. Oyunda ən böyük yardımı isə azərbaycanəsilli rusiyalı iş adamı Araz Ağalarov verib. Anar (Məmmədxanov-red.) bu haqda çox danışıb. 1992-93-cü illər çox çətin vaxtlar idi. Həmin zamanlar Azərbaycanda xaos, yiyəsizlik hökmranlıq edirdi. Hətta valideynlərimiz bizi axşam saat 5-dən sonra küçəyə buraxmırdılar. Mən yarışa gedəndə sinif rəhbərim dedi ki, birdən Moskvada nəsə bir çətinlik olsa, bu nömrəyə zəng edərsən. Mənə kağız parçası verdi. Qayıdıb dedim ki, Cəmilə xanım, mənim nə kimi problemim olacaq? Biz komanda ilə gedirik. Sonra təsəvvür edin ki, iş o yerə gəlib çıxdı ki, Anar bir gün komandanı yığıb dedi ki, bizim artıq hoteldə qalmağa imkanımız yoxdur. Kimin tanışı var? Mən də qayıdıb Anara dedim ki, getməzdən əvvəl belə bir əhvalat baş verib. Sinif rəhbərim bu kağız parçasını verib, istəyirsən, zəng et. Anar Araz Ağalarova telefon köşkündən zəng etdi. O bizi qəbul etdi. Onun dəstəyi ilə həmin hoteldə də qaldıq, yeməyimizi də yedik, məşqlər üçün icarəyə götürdüyümüz zalın da pulunu ödədik və qalib gəldik. 17-23 yaşlı gənclər Azərbaycanı təmsil edərək ilk dəfə incəsənət xadimləri arasında üçrəngli bayrağımızı ucaltdı. Bundan sonra “Молодёжь Азербайджана” (“Azərbaycan gəncliyi”) qəzeti bizim ünvanımıza ağzına gələni yazdı. Sizcə, biz o vaxt necə ola bilərik? Anar yığıb bizə dedi ki, fikir verməyin. “İt hürər, karvan keçər” atalar sözünü birinci dəfə onda eşitdim”.