Müasir dövrdə yaşasaq da, müəyyən məqamlar var ki, keçmişdəkindən daha zərərli formada özünü büruzə verir. Bunlardan biri də qadın düşmənliyidir. Sözügedən problem özünü təkcə kişilərin qadınlara olan münasibətində yox, qadınların öz həmcinsləri tərəfindən də təklənməsi, haqsızlığa uğraması kimi məqamlarda büruzə verir.
Bəs bununla necə mübarizə aparmaq olar? Psixoloq İlhamə Mustafayeva məsələnin psixoloji səbəblərini “Yeni Sabah”a belə açıqlayıb: “Təəssüflər olsun ki, bu gün müasir cəmiyyətimizdə mizogeniya - qadına qarşı olmaq, onun əleyhinə olmaq, şiddət, düşmənçilik və təzyiqlər hələ də var. Bu şiddət bütün növləri ilə, fiziki, psixoloji, sosial və iqtisadi cəhətdən özünü bu və ya digər şəkildə göstərməkdədir. Bunun əsas səbəbi kollektiv şüuraltı ilə əlaqədardır. Lap əvvəllərdən qadına qarşı hörmətsiz münasibət olub, qız uşağının dünyaya gəlməsi əvvəlcədən xoşagəlməz hal hesab olunub, ona ailənin nə vaxtsa evi tərk edib getməli olan, artıq üzvü kimi baxılıb. Bu yanaşma nəsillərdən nəslə keçib, bu gün də öz “məhsulunu” hansısa ailələrdə hələ də verir. Qadına kişinin qulluğunda durub, ona qayğı göstərən, əyləndirən varlıq kimi baxılıb. Qadın yaradıcı varlıqdır. O, dünyaya uşaq gətirir, onu 9 ay bətnində inkişaf etdirir, sonra onu böyüdür, məişəti öz çiyinlərinə götürür və s. və bu da kişinin konfort zonasını yaratdı və əvvəlcədən kişinin dəyəri o qədər yüksək qiymətləndirilib ki, sanki bunlar qadının borcudur, o, belə də olmalıdı və üstəlik də bu qədər zaman və enerji sərf etdiyi işlərin əvəzində qiymətləndirilməməlidir. Beləliklə, qadın dəyərli və hörmətli olmaq üçün başqa sahələrdə öz fəaliyyətini göstərməyə, özünü qorumağa, uşaqlarının qarnını doyuzdurmağa başladı. Bu da kişilərin qəzəbinə səbəb oldu. Qadın da kişi kimi evə qazanc gətirməyə başladı, cəmiyyətdə dəyər və sosial statusa sahib oldu. O, artıq kişinin əşyası olmaq funksiyasından çıxdı və bərabər hüqüqlara sahib olmaq istədi və bundan hiddətlənən kişilər qadına qarşı çıxmağa, ona şiddət göstərməyə, hətta öldürməyə əl atdılar. Çünki onların kollektiv şüuraltısı qadın mənə tabe olmalıdır deyir. Qadının isə özünün dəyərli və hörmətli olmasını hissetmə tələbatı yarandı. Ona görə ki, cəmiyyət onun qadın kimi etdiklərinə dəyər vermədi, üstəlik aşağıladı. Bu da kişi və qadın müharibəsinə zəmin yaratdı. Digər səbəb isə qadına qarşı güvənsizlikdir. Çünki cəmiyyət həmişə kişiyə etibar edib onun idarəçiliyi altında olmaq istəyib. Məhz bu səbəblərdən dolayı kişi qadını alçaltmağa başladı”.