Gültəkin Hacıbəyli başqalarının ona ünvanladığı əsaslı, əsassız ittihamlara cavab vermək, bundan əvvəl ünvanımıza dediyi böhtanlara görə bizdən üzr istəmək əvəzinə Müsavatı yenidən hədəf seçib. Haqqımızda təhqiramiz ifadələr işlədib. Yeni böhtanlar atıb.
Dırnaq arasında "xalq yolunda cəfa çəkib" mühacir statusu alan müsavatçılar", yenə dırnaq arasında "qəhrəmanlar" yazan adam bilirmi ki, yalnız 2003-cü ilin oktyabrında, yalnız Bakıda 1100 müsavatçı həbs olunmuş, döyülmüş, işkəncəyə məruz qalmışdı?
Bilirmi ki, Müsavat Partiyası, müsavatçılar, indi Yeni Yasamalda olan zorakılıqların 100 qatı ilə üzləşmişdi?
Bilirmi ki, özüm, qardaşlarım da daxil olmaqla 34 qohumum, dostum həbs olunmuşdu?
Ölkə üzrə 2000-dək həbs olunan var idi ki, onların mütləq əksəriyyəti bu gün onun tənə ilə dırnaq arasında "qəhrəmanlar" adlandırdığı müsavatçılar idi.
Bu o zaman idi ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin, Əli Həsənovun, Siyavuş Novruzovun qarşısındakı çıxışlarında İlhamsevərlərə müraciət edirdi.
Bu o zaman idi ki, Gültəkin Hacıbəyli Səməd Seyidovla, birlikdə Avropa Şurasında öz saxta mandatı ilə Azərbaycanı təmsil edib ölkədə siyasi məhbus olmadığını iddia edirdi. Əslində isə həmin dövrdə Azərbaycanda hər vaxt olduğundan daha çox siyasi məhbus var idi.
Yalnız Bayıl türməsinin həyat üçün təhlükəli olan ölüm korpusunda mən də daxil olmaqla 50-dək siyasi məhbus saxlanırdı.
Müsavatdan arayış alanlar Avropada sığınacaq almayıb. Bu yalandır. Müsavat Partiyası uzun illər ərzində partiya üzvlərinə bu sayda arayış verib. Bu arayışlar əsasən xaricə səfərə gedən, viza üçün səfirliklərə müraciət edən şəxslərə, məhkəmə işləri ilə əlaqədar tələblərə, Avropa ölkələrindən vəkillərin sorğularına cavab olaraq verilib.
Bu arayışların məsələn, 5-i mənə, 6-sı Tofiq Yaqubluya verilib. 15-i bu gün də burada mübarizəsini davam etdirən, heç vaxt Azərbaycandan getməyi planlaşdırmayan müavinlərimə verilib.
Bu rəqəmi də mətbuata biz açıqlamışıq.
Başqa heç bir partiya, heç bir təşkilat belə dəftərxana məlumatlarını açıqlamır. Hətta əmin deyiləm ki, kimlərsə dəftərxana işinə Müsavatda olduğu qədər əhəmiyyət verir.
Bu məlumatların müavinlərimdən gizli saxlanması barədə demoqoqiya da əsassızdır. Heç olmasa Müsavat başqanlığına namizədlərin canlı debatının bu gün də youtubeda olan videoyazısına baxın.
Müsavata qarşı atılan bu böhtanlarla bağlı mətbuat konfransı keçirib həqiqətləri açıqlamışıq. Kimdə belə məlumat varsa Baş Prokurorluğun İstintaq İdarəsində AXCP və Müsavat haqqında bu mövzuda açılmış cinayət işi ilə bağlı istintaq qrupuna müraciət olunmasını tələb etmişik.
Gültəkin Hacıbəyli Müsavat Partiyasını ağır cinayətdə ittiham edib. Ağır cinayəti bilib gizlətmək ciddi cinayət sayılır.
Tələb edirəm. Onda olan məlumatları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsinə təqdim etsin. Əks təqdirdə bizim onu böhtana görə məhkəməyə verməyimiz vacib olacaq.
Xanım Müsavatda keçirilən demokratik seçkilərə də laf atır.
Biz AXC-ni quranda bu təşkilatda bütün seçkilər gizli səsvermə yolu ilə keçirilirdi.
AXC-də dayaq dəstəsi sədri seçkilərindən tutmuş Ali Məclisin sədri vəzifələrinədək gizli səsvermə yolu ilə seçilmişəm. 32 il əvvəl 100 minlərlə üzvü olan təşkilat gizli səsvermə keçirirdi, 21-ci əsrdə bu mümkün deyil?