Saatlı Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən İlqar Əsədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 2 il islah işləri cəzası təyin edilib. İlqar Əsədli təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkəcək.
İttihama görə, İlqar Əsədli Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsində çalışıb. O, həmin vəzifədə işləyərkən sözügedən xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri funksiyasını yerinə yetirib.
Cinayət materiallarında qeyd edilib ki, İlqar Əsədli öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ona müraciət edən vətəndaşların əlilliyin təyin olunmasına əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda, onların faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına əlillik dərəcəsinin verilməsinə köməklik edib.
Kamal Məmmədov
O, məhkəmə iclasında elan edilmiş ittihamda özünü təqsirli bilməyib.
Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki cavabdeh) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi ifadəsində göstərib ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib. İlqar Əsədlidən şikayətçidirlər və mülki iddianı müdafiə edirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki cavabdeh - təqsirləndirilən şəxsdən 15695,22 manat maddi ziyanın alınaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edilib.
Kamal Məmmədov