“Kazinoların açılması ilə bağlı qanuna hansı dəyişiklik edilməlidir, bunu bilmirəm, amma Emin Ağalarovun fikri ilə tamamilə razıyam. Azərbaycan sivil bir ölkədir. Avropaya sürətlə inteqrasiyada, inkişafdayıq. Turizmə böyük əhəmiyyət veririk. Bütün infrastrukturlar yaranır, o cümlədən “SeaBreeze” kimi əməlli-başlı şəhərcik yaradılıb və inkişafdadır. Niyə də yox? Təbii ki, kazinolar açılsa, müəyyən qadağalar, yeni qərarlar olacaq. Yerli vətəndaşlara kazinoda oynamaq elə də asan olmayacaq, amma xaricilər üçün yaradılmalıdır. Məsələn, kazinolar Gürcüstana görün nə qədər valyuta gətirir. Kazinoların hansısa zərərinin olacağını düşünürüksə, onda gəlin siqaret çəkməyə də, alkoqollu içkilərə də tamamilə qadağa qoyaq. Görürsünüz ki, mümkün deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin 4 çağırış deputatı olmuş, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.
“Amerikanın keçən əsrin 30-cu illərini yada salaq. Spirtli içkilərə qadağa qoyan kimi gizli mafiyalar Kanadadan spirtli içkiləri gətirib satmağa başladılar. Mafiyanın da əsası onda qoyuldu. Mən də hesab edirəm ki, tam düşünülmüş formada kazinoların açılması məsələsini ekspertlər oturub müzakirə edəcəklər. Yeri gəlmişkən, ictimaiyyətin də müəyyən təklifləri olmalıdır. Bütün bunları nəzərə alaraq kazinoların açılmasına icazə verilməlidir. Lakin hansı formada, bunu deyə bilmirəm. Amma kazinoların açılmasına tamamilə tərəfdaram. Birincisi, nəzərə almaq lazımdır ki, büdcəyə ödəmələr olacaq. İkincisi, yüzlərlə insan işlə təmin olunacaq, özü də yüksək qazanclı işlərlərlə. Üçüncüsü, daha çox maraq yaradacaq, xaricdən xeyli sayda turist gələcək. Niyə də yox? Qoy gəlsinlər. Belə halda otellərimiz də işləyəcək. Yeməkxanalar, kafelər, əyləncə mərkəzləri daha çox işlək və effektiv olacaq. Bütövlüklə, kazinoların açılması müsbət, sinergetik effekt verəcək”, - o bildirib.
Aytəkin Qardaşova