“Respublikanski” kimi tanıdığımız Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb. Bu barədə Bakupost.az –a qadının həyat yoldaşı, İkinci Qarabağ müharibəsi qazisi Orucəli Ağayev bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı oktyabrın 2-də qeysəriyyə əməliyyatı olunub:
“O, hamiləlik dövründə məhz bu xəstəxanaya gəlib. Həkimi Almaz adlı ginekoloq olub. Hamiləlik normal keçib. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürüb. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif ediblər. Uşaq sağlam doğulub, ana palataya köçürülüb, ailəsi ilə görüntülü danışaraq, normal olduğunu deyib. Lakin 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”.
Və hər şey də bundan sonra baş verib...
Orucəli Ağayev deyir ki, ayın 3-də həyat yoldaşı ona mesaj yazıb:
“Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda bildirdi ki, "mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır". Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılsın, yoxsa burada 1-2 saata öləcək”.