Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq Yazgül Abdıyevanın müsahibəsini təqdim edirik:
- Koronavirus nədir?
- Yeni növ koronavirusun hesabatları ilk dəfə 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərində ortaya çıxdı.
Koronaviruslar ümumi viruslar qrupudur. ABŞ Milli Tibb Kitabxanasından verilən məlumata görə, bəziləri yalnız heyvanlara (yarasalar, pişiklər, dəvələr və mal-qara kimi), digərləri isə insanlara təsir edir.
COVID-19 adi bronxit, pnevmaniya və böyrək çatışmazlığı kimi böyük xəstəliklərə, ən ağır halda isə ölümə səbəb ola bilər. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (Centers for Disease Control and Prevention - CDC) görə bu, bilinən yeddinci koronavirus növüdür.
- Gözlərimizi necə qorumaq olar?
- Koronavirusla gözlər arasındakı əlaqə mürəkkəbdir. Hər bir kəs virusun olduğu bir səthə və ya əşyaya, üzərində COVID -19 olan bir hissəyə toxunaraq daha sonra ağzına, burnuna və ya gözlərinə toxunduğu zaman bu virusa yoluxabilmə ehtimalları var.
Vanq adlı bir şəxs sol gözünün iltihablandığını, ardından qızdırma və burnunda, boğazında selik əmələ gəldiyini bildirdi. Sonradan ona yeni növ koronavirus diaqnozu qoyuldu. South China Morning Post qəzetinə görə Vanq qoruyucu gözlük taxmadığı üçün virusun sol gözünə girdiyini düşünür. Vanqın vəziyyətində, o deyir ki, yoluxmuş bir insandan gələn hava damcı infeksiyası gözün selikli qişasını yoluxdura bilər.
Uhanda virusa yoluxan 1099 xəstənin (0.8%) də qırmızı göz sindromu qeydə alınıb. Bu da ki, həmin xəstələrdə olan patalogiya ilə bağlıdır. Yəni biz maska taxırıq, eyni zamanda, qoruyucu normada da eynəklər olmalıdır. Çünki xəstə insan asqıranda, öskürəndə hava damcı yolu ilə konyunktivalın, yəni gözün selikli qişasına düşür. Gözdə konyonktiva boşluğunda burunla gözü əlaqələndirən, burunla göz yaşı kanalı var. Burun gözü yaşı kanalından bizim göz yaşı suyumuzun tərkibinə həmin virus daxil olur. Burun boşluğundan sonra virus udlağa gedir. Yəni belə halda yuxarı tənəffüs yollarının yoluxma ehtimalı var. Əsas olaraq da insan 3-4 gün keçdikdən, kliniki hal fəsadlaşdıqdan sonra bunu hiss edir. Ümumiyətlə, oftalmoloqlar əgər bir xəstə virus konyunktvisi ilə daxil olubsa, onu COVİD-19-a görə müayinə edib sonra qəbul etməlidir.
Bunları nəzərə alaraq, qoruyucu eynəklərdən maksimum istifadə edilməsi tövsiyə olunur. Xəstələrlə birbaşa təmasda olan insanların da qoruyucu eynəklərdən istifadəsi vacibdir. Xəstəxanalarda da hazırda virusa yoluxmuş xəstələri müayinə edən həkimlər qoruyucu eynəklərdən istifadə edirlər.
- Bir sıra halda koronovirusa yoluxmuş insanların göz rəngində dəyişiklik baş verir. Bu, hansı əlamətlə bağlıdır?
- Koronavirusa yoluxmuş xəstələr arasında konyonktivitlə başlayan hallar olur. Bu, gözün selikli qışasında iltihabi hallar olur və göz qapağını əhatə edir. Bu, menbrandır, çəhrayi göz deyilir. Bu, qırmızı, gözdən yaş axma, konyunktival qişanın qızartısı - yəni damarların innieksiyası şəklində baş verir. Nəticədə qırmızı, çəhrayi və yaxud yaşlı ağlayan göz şəklində özünü göstərir. Bakteriyalardan fərqli olaraq, bu halda gözdə irinləmə olmur. Çünki bakteriya hopmuş gözdə irin olur. Amma COVİD-ə yoluxmuş gözdə irin olmur, sadəcə olaraq gözdə davamlı yaş axma müşahidə olunur. Məhz buna görə də virusa yoluxmuş xəstələrlə təmasda olan həkimlər qoruyucu eynəklərdən istifadə edir. Çünki xəstənin asqırması, öskürməsi zamanı gözə virus dənəcikləri daxil ola bilir. Amma bəzi insanlar virusun gözlə yoluxduğunu bilmirlər. Qeyd edim ki, insanlar ağladıqda burundan da su gəlir, bu da gözlə burun arasındakı əlaqə vasitəsində baş verir. Virusa yoluxmuş gözdən axan maye belə olan halda udlağa da daxil ola bilir. Bu, göz yaşı burun kanalı vasitəsilə baş verir.
- Virusa yoluxanla bahar katarı olan şəxsin gözlərinin oxşarlığı mümkündürmü?
- Bu xəstəliklər içərisində okulyar simptom olmaya da bilər. Ola bilər ki, konyunktiviliklə, bəzi hallarda isə belə də başlamasın. Əsas burada temperatur, boğaz nahiyəsində, yuxarı tənəffüs yollarında iltihablarla başlaya bilər. COVİD-19-da əsas ağciyər patalogiyası baş verir. Çox ağır keçdiyinə görə təhlükəlidir. Çünki bu viruslar modifikasiya olunur. Onların 40 növü və 4 cinsi - Alfa, Delta, Betta, Qamma var. İndiki halda ola bilər ki, biz adi viruslara yoluxaq, COVİD-19-un ən ağır Betta cinsidir. Bu, ən ağır, modifikasiya olunmuş dözümlü bir virusdur. Bu virus ağciyər toxumasına qəbul olaraq, onu öz toxuması kimi qəbul edir və çoxalır.
- Qapalı məkanlarda, ictimai yerlərdə eynəkdən istifadə olunması yoluxma riskini azalda bilərmi?
- Qapalı yerlərdə eynəkdən istifadə normalda olmalıdır. Çünki infeksiya hər yerdə ola bilər. Hətta geyimlərdə də infeksiyanın qalması mümkündür. Bunu önləmək üçün dezinfeksiya məhlullarından istifadə edilməlidir. Hətta evə daxil olduqda, üst geyimi ayrıca yerə qoyulmalıdır. Tez-tez duş qəbul edilməsi də məsləhətdir.
- Gözə kənardan toz dənəciyinin düşməsi, əl təması və ya hər hansı əşyaya toxunma ilə yoluxma baş verə bilərmi?
- Virusa yoluxan xəstələrdə okulyar simptomlar ola bilər. Bu, özünü konyunktivitlə göstərə bilir. Konyunktivit, göz qapağını əhatə edən membranın iltihabıdır. Buna adətən "çəhrayı göz" deyilir. Konyunktivitə yoluxma əsasən qırmızı, "yaş və ağlayan" bir göz şəklində olur.
Konyonktivit yuxarı tənəffüs yolu infeksiyaları ilə (soyuqdəymə və s.) ortaya çıxa və eyni zamanda, COVID-19 virusunun əlaməti ola bilər. Araşdırmalara əsasən, Çində koronavirus diaqnozu ilə xəstəxanaya gətirilən 1099 xəstənin 9-da (0.8%) "konyunktival tıxanma" və ya qırmızı, yoluxmuş gözlər tapılıb. Konyunktivit olduğundan şübhələnirsinizsə, göz həkiminə müraciət edin. Virusun mümkün yayılmasını azaltmağa kömək etmək üçün bu vacibdir.
- Sərt izolyasiya olmadan virusun qarşısının alınması mümkün deyilmi?
- Yayılmanın qarşısını almaq üçün hələlik ən optimal yol budur. Çünki gündəlik artım statistikası qarşısında heç bir tibbi yardım davam gətirə bilməz.
- Virusun tam yox olmayacağı deyilir. Həyatımız boyu belə yaşamağa məhkumuq?
- Koronavirusu biz beynimizdə əsas nöqtə kimi saxlamamalıyıq. Çünki bu ilin sonunadək davam edə bilər. Sadəcə, biz öz həyat axarımıza davam edib, işimizlə məşğul olmalı, özümüzü də qorumağı bacarmalıyıq. Çünki gündəlik virus deyə-deyə özümüzə psixoloji bir yol da açmış oluruq. Bunun da fəsadları çox ağır ola bilər.
- Ağır fəsadlar deyərkən nələri nəzərdə tutursunuz?
- Dünya üzrə onkoloji xəstəliklərin, ürəyin işemik xəstəliklərində və bir sıra digər xəstəliklərdə qəfləti ölüm faizi COVİD-19-un ölüm faizindən daha çoxdur. İnsanlar maariflənməlidir ki, COVİD-19-u normal qəbul edib özlərini qorumağı bacarsınlar. Cəmiyyətin bu sahədə problemi var. Çünki bəzi insanlar bu virusa yoluxduğu halda gizlədirlər. Özləri bildikləri müalicə metodlarından istifadə edirlər ki, bu da ağ ciyərlərdə daha kəskin ağırlaşmalara səbəb olur. Ona görə də insanlar virusa qarşı orqanizmlərini möhkəm saxlamaq üçün immunitetlərini təbii yollarla gücləndirməlidirlər.