Şirvan Apellyasiya Məhkəməsində Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının keçmiş müdiri, 1969-cu il təvəllüdlü Elmira Səfərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti təmin edilməyib, Şirvan Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli hökmü Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə münasibətdə dəyişdirilib. Elmira Səfərovaya Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmayıb. Şirvan Şəhər Məhkəməsinin çıxardığı hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Elmira Səfərova Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 iyun 2016-cı tarixli 27 nömrəli əmri ilə həmin tarixdən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib. Ounun həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.