Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış, Şərur rayonunda yerləşən “Şərur Sənaye Mərkəzi” publik hüquqi şəxsin bitki yağları istehsalı müəssisəsinin anbarında sentyabrın 25-də baş vermiş yanğınla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Pravda.az-a bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, külli miqdarda dövlət vəsaiti hesabına alınan bitki yağları xammalı qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilmədən anbara toplanıb, saxlanma şəraitinin düzgün təmin edilməməsi və digər pozuntular nəticəsində xammal qida məhsulu kimi yararsız hala düşüb, sonrakı mərhələdə isə tüstülənmə və yanmaya məruz qalıb, nəticədə isə külli miqdarda dövlət əmlakı məhv olub.