Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Sülh qovşağı” konfransındakı çıxışında Sünik (Qərbi Zəngəzur) vilayətindən keçən yola nəzarət funksiyasını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini istisna etməyib. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu, Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər:
“Kreml dəhlizə nəzarət məsələsində uzun müddətdir Paşinyana təzyiq edirdi, görünür bu təzyiqin nəticəsi olub. Rusiya Prezidenti Vladimir Putin Paşinyanla Moskvada son görüşündə Rusiya hərbçilərinin Ermənistan-İran sərhədinə nəzarəti erməni hərbçilərə təhvil veriləcəyinə razılaşdı. Putin bunun qarşılığını almadan belə bir addım atmazdı. Görünür, Paşinyan Rusiyanın İran və Türkiyə ilə sərhədi tərk etməsinin qarşılığında Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsinə razılaşıb. Bununla Paşinyan 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndini yerinə yetirmiş olacaq.
Rusiya üçün Zəngəzur dəhlizini nəzarətə götürmək Azərbaycan-Ermənistan sülh sazişini imzalamasından daha əhəmiyyətlidir. Saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasına, həmçinin Ermənistanın Türkiyə ilə sərhədin açılmasına, bu ölkə ilə ticarətə başlaması və diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Kremlin bunların heç birində marağı yoxdur, çünki Cənubi Qafqaza təsiri azalacaq. Rusiya bölgəyə təsirini Zəngəzur dəhlizinə nəzarət etməklə qoruya bilər. Ona görə də Kreml daha çox dəhlizə nəzarət mövzusuna maraq göstərir”.