Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı indiyədək əməkdaşlığımızla bağlı bir o qədər də işlər görülmədiyini deyərək, potensial sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğuladı.
Siyasi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bir sıra dövlətləri ilə tərəfdaşlığının fəal fazada olduğunu qeyd etdi. Dövlətimizin başçısı regionumuz üçün əhəmiyyətli olan bu tarixi məqamda regional siyasətə dair müzakirələrin önəminə toxundu.
Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində inkişaf etdrilməsi üçün səylərini əsirgəməyəcəyini deyən səfir vurğuladı ki, Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır. O, ölkəmizin ticarət, enerji, infrastrukrur sahələrində haba çevrilmək istiqamətində inkişaf etdiyini vurğulayaraq, Danimarka şirkətlərinin bu işlərdə rol oynaya biləcəyini qeyd etdi.
Dövlətimizin başçısı neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə bağlı Azərbaycanda böyük işlərin həyata keçirildiyini deyərək, eyni zamanda, ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq haba çevrilməsi istiqamətində də fəal fazada işlərin aparıldığını bildirdi.
Prezident İlham Əliyev vurğuladı ki, açıq dənizlərə çıxışımızın olmamasına baxmayaraq, ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir və biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları şirkətlərini yaratmağa müvəffəq olmuşuq. Azərbaycan Prezidenti vurğuladı ki, bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz Azərbaycan vasitiləsi ilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.