Bakıda məşhur şadlıq saraylarından olan "Monte Karlo”da müğənnini bıçaqlayan ofisiantlar cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo” xəbər verir ki, hadisə ötən ilin yayında şadlıq sarayında keçirilən toydan az sonra baş verib. Nizami Rayon Məhkəməsi bir neçə gün əvvəl hadisəni törətmiş şəxslərə hökm oxuyub.
Bildirilib ki, şadlıq sarayında aparıcı-müğənni kimi fəaliyyət göstərən Murad Musayev ilə oranın ofisiantları arasında mübahisə yaranıb. Belə ki, sərxoş olan ofisiantlardan birinin ayağı stolun süfrəsinə ilişib, nəticədə üzərindəki qablar yerə tökülərək sınıb. Musiqiçi yoldaşları ilə toydan sonra yemək yeyən Murad onlara yaxınlaşaraq irad bildirib və münaqişə baş verib. Bu zaman 3 ofisiant onu kənara çəkib və müğənniyə bıçaq xəsarətləri yetirilib.
Hadisədən sonra şadlıq sarayının Əli və Zaur Əkbərov qardaşları, eləcə də Ümid adlı ofisiantlarına Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq-bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılıb.
Bıçaqlanan müğənni ifadəsində deyib: "2003-cü ildən toylarda aparıcı-müğənni kimi çalışıram. 2023-cü ilin aprelində Babək prospekti 22 ünvanında yerləşən "Monte Karlo” şadlıq sarayında işə başlamışam. Ötən ilin iyulun 14-ü saat 17 radələrində o toy ziyafətində iştirak etmək üçün "Monte Karlo”ya getdim. Həmin gün saat 23:58-də toyu yekunlaşdırdım və Aytac adlı xanım müğənni, həmçinin saz ifaçısı Hikmət və üç nəfər fotoqrafla birgə öz masamızda əyləşib yeməyə başladıq. Bu zaman üzbəüz stolda əyləşmiş üç ofisiantdan biri masanın üzərinə yumruq vuraraq onu çevirdi”.