Övladları yanıb ölən ana fəryad edir.
Hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib. Yanğın hadisəsindən ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb. Qeyd olunan hadisə ilə bağlı CityPost.az saytına müraciət edən yanaraq ölmüş uşaqların anası Xuraman Hacıyeva dəhşətli hadisənin onun həyatında buraxdığı ağır zərbədən danışıb.
“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım gözümün qabağında yanıb kül oldular. Balalarım yanmış məftilə dönmüşdülər. Səsim heç yerə çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar. Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin oğlu Elvin Alıyevə məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən sonra sizə torpaq sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra başımıza bu bəla gəldi.Qışda evi isitmək üçün Elvin Alıyev bizə mazut gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci gün soba partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas ola bilsə də,digər iki azyaşlı övladlarım gözlərim baxa-baxa yanıb kül oldular.”
Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib.