Ali Məhkəmədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Pərixanım Nəsrəddinovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protest üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama əsasən, P.Nəsrəddinova onun yol hərəkəti qaydalarını ehtiyatsızlıqdan pozması zərərçəkmiş şəxsin ölümünə səbəb olub. Belə ki, o, Bakıda idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə 07 noyabr 2022-ci il tarixdə yolu keçmək istəyən piyadanı vurub. Nəticədə zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə P.Nəsrəddinovanın əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
Kamal Məmmədov