Bakı Apellyasiya Məhkəməsində saxta dollar satmaqda təqsirləndirilən Səadət Məmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səadət Məmmədova saxta pul əldə etmə və satma barədə əvvəlcədən başqa şəxslərlə razılaşaraq cinayət əlaqəsinə girib. O, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə ölkə xaricində olan Murad Əbdürrəhimovdan saxta pulları əldə edərək Azərbaycan ərazisində onun dediyi şəxslərə satmalı imiş. Qadın pulların saxta olmasından məlumatı olmayan tanışı Səlim Əliəsgərovla Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə 40 000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əsginasları ilə eynilik təşkil etməyən, xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.
Səadət Məmmədova yenidən pulların saxta olmasından məlumatı olmayan tanışı Şəfaqət Məmmədova ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə 30 000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əsginasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycana gətirib.