BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatla Qulu Məhərrəmli arasında “Batumi qalmaqalı”

BDU-nun professoru Qulu Məhərrəmli millət vəkili, tarixçi alim Vasif Qafarovu “Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdırıb manipulyativ çıxışlar etməkdə” və “tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşmaqda” ittiham edib.

 

Qulu Məhərrəmli bununla bağlı sosial şəbəkə hesabında yazıb: “Mən ölkədə Vasif Qafarov adlı tarixçinin olduğunu 4 il əvvəl bilmişəm. O vaxt onun Spase TV-də Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdıran manipulyativ çıxışı çoxlarının etirazına səbəb oldu. Solmaz Tohidi, Kərim Şükürov, Firdovsiyyə Əhmədova, Boran Əziz kimi nüfuzlu tarixçilər Qafarovun yalan və iftiralarını tarixi faktlarla ifşa etdilər. O vaxt (2020-ci il) mən də Vasif Qafarovun alim əxlaqı ilə bir yerə sığmayan bu saxta çıxışına münasibət bildirmiş və "Ayna" qəzetində tənqidi məqalə yazmışdım...

 

Sonralar məlum oldu ki, Vasif Qafarov belə davranışlara öyrəncəlidir, o, tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşır. Budur, həmin sifarişlər indi Vasif Qafarovu parlamentə gətirib çıxarıb. Və onun kimi adamların MM-də təmsil olunması cəmiyyətə təhqir, dəyərlərə hörmətsizlik, yalançılığın və saxtakarlığın stimullaşdırılmasıdır".

 

Vasif Qafarov Aznews.az saytına açıqlamasında Facebook-un elmi müzakirələr üçün müstəvi olmadığını bildirib: “Elmi tədqiqat və nəşrlərə ancaq onları oxuyandan sonra peşəkar akademik fəaliyyətlə məşğul olanlar elmi arqumentlərlə münasibət bildirə bilərlər. Diletant və qərəzli şəkildə sosial şəbəkələrdə hər hansı elmi tədqiqata qara yaxmaq, elm adamlarına və parlament üzvlərinə qarşı aqressiya formalaşdırmaq nəinki alimə, elementar ictimai məsuliyyəti olan heç kimə yaraşan hərəkət deyil”.

 

Vasif Qafarov bildirib ki, onun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” adlı kitabı bu ilin iyun ayında elmi ictimaiyyətin müzakirəsinə verilib: “Kiminsə əlində konkret tarixi mənbələrə və faktlara əsaslanan, kitabdakı mülahizələrimi təkzib edəcək dəlillər varsa, buyurub elmi məqalə yazsın, nəşr etdirsin, biz də oxuyaq”.

 

Tarixçi onun elmi işi ilə bağlı səslənən ittihamlara belə cavab verib: “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi 2022-ci ildə AMEA Bakıxanov adına Tarix İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə etdiyim doktorluq dissertasiyasının bir paraqrafı olub. 24 nəfər şura üzvü, 4 opponent (2-si Türkiyə alimi) hamısı müsbət səs verib”.

 

Tarixçi alim, Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı müəyyən məqamlar, müəyyən hadisələr bu gün birmənalı şəkildə dəyərləndirilmir: “Fərqli yanaşmalar var. Təbii ki, tarixi hadisələrlə bağlı ola bilər müxtəlif fikirlər səsləndirilsin. Bu, tam mümkündür. Amma tariximizin istənilən dövrü ilə bağlı siyasətçi və ya tarixçi kimi danışmaqdan asılı olmayaraq obyektiv yanaşma vacibdir. Tarixdə baş verən hadisələrə olduğu kimi obyektiv yanaşma vacibdir. Azərbaycan tarixinin digər dövrləri ilə bağlı da indi müəyyən mübahisələr gedir, yeni yanaşmalar var. Mənim özümün də yeni yanaşmalarım var. Cümhuriyyət dövründə ərazi itkilərimizlə bağlı müəyyən fikir ayrılıqları var. Ayrı-ayrı şəxsiyyətlərin rolu ilə bağlı fərqli fikirlər da mövcuddur".

 

Akif Nağı hesab edir ki, o dövr tarixi şərait nəzərə alınmalıdır: “Bir tarixilik prinsipi var. O tarixilik prinsipinə əməl olunanda daha obyektiv yanaşma meydana gəlir. Tarixilik prinsipinin mahiyyəti ondan ibarətdir ki, 100 il əvvəlki reallıqlarda baş vermiş hadisəyə 100 il sonrakı reallıqlar mövqeyindən yanaşmaqla düzgün nəticəyə gəlmək olmaz. O dövrkü şərait nəzərə alınmalıdır və dəyərləndirmə buna uyğun aparılmalıdır. Tarixçi kimi adıçəkilən deputatın konkret hansı fikirləri yazdığını bilmirəm. Buna görə də  məsələyə ümumi şəkildə münasibət bildirirəm ki, tarixi hadisələrə yanaşmada tarixilik prinsipi gözlənilməlidir. Siyasi yanaşma da mümkündür, amma tariximizlə bağlı siyasi konyuktura mövqeyindən çıxış etmək düzgün deyil. Hesab edirəm ki, bu cür məsələlərdə hər kəs diqqətli olmalıdır. Bu və ya digər məsələləri, qərarları tənqid eləmək olar. Amma qərəzli və siyasi konyuktura mövqeyindən çıxış etmək yanlışdır”.

Tarix: 16 Oktyabr 2024, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin