Heydər Əliyevi xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət üçün müraciət etmiş məşhur 91-lərdən olan Vüqar İsmayılov müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Vüqar müəllim, siz də məşhur 91-lərdənsiniz. Amma ümumiyyətlə uzun illərdir sizdən səs-soraq yoxdur?
– Bəli, düz buyurdunuz, o məşhur 91 – lərdən biri də mənəm. Məni o qrupa salan hadisənin kökü bir qədər dərinliklərdədir. Mən 1988-ci ildə hərbi xidmətdə olarkən Lenin otağında politbüro üzvlərinin şəkillərini divardan asmışdım. Bizdə xidmətdə İrəvan şəhərindən olan rus serjant var idi. O bıçaqla məhz Heydər Əliyevin şəklini deşik-deşik etmişdi. Buna görə o serjantla vuruşmuşdum, Serjant nalayiq danışığından əl çəkməyəndə onu çox bərk döydüm. Bu hadisədən sonar Heydər Əliyevə qarşı məndə qeyri -ixtiyari xoş maraq yaranmışdı… 1989-cu ildə əsgərlikdən qayıdana qədər irəvanlı rus mənimlə danışmadı…
1991-ci ilin fevralında gecə vaxtı televiziyada canlı yayımla Ali Sovetin sessiyasına baxırdım. Birdən Heydər Əliyevin çıxışını gördüm, yadıma o hadisə düşdü, o çox gözəl və həyəcanlı danışırdı. Onun çıxışının təəssüratı altına düşdüm və günlərlə özümə gələ bilmədim. O çıxış edərkən, onun əleyhinə bəzi deputatlar danışırdı, ayaqlarını yerə döyürdülər, çığırırdılar, fit çalırdılar, ona danışmağa mane olurdular. Sabahısı günü yalnız bir şeyi düşünürdüm ki “necə təşkilatlanmalı və onu təşkilata rəhbər seçməli?”. Amma siyasi təcrübəm yox idi, yollarını bilmirdim. Bir il də keçdi, televizorda gördüm ki, aprel ayında Ali Sovetin qarşısında piket keçirdirlər və Heydər Əliyevin hakimiyyətə gəlməsi uğrunda çağırışlar etdilər. Daha yol açılmışdı, sevinərək qanad açıb uçdum onların yanına. Qoşuldum ordakılara, “Səs”, “İki sahil” və “Şərqin qapısı” qəzetlərinin rəhbərləri ilə tanış oldum. Öyrəndim ki, bura toplaşanlar “Əlincə Xeyiyyə Cəmiyyəti”nin üzvləridir, Sabahısı gün getdim cəmiyyətə. Rəhmətlik Fərəməz Maqsudov idi rəhbəri, çox böyük səmimiyyət və hörmətlə qarşıladı məni, niyyətimi bildi və məni də ora üzv yazdı və mənə o cəmiyyətin vəsiqəsini verdi. Özümü dünyanın ən bəxtəvər adamı sayırdım . Mən hər gün ta piket dağılana qədər bir həftə onların içində fəaliyyət göstərdim və Hacıbala Abutalıbovu ilk dəfə orada tanıdım. Hələ də ordakı çıxışları xatırlayıram və o çıxışlar adamda inam yaradırdı ki “xilaskar tezliklə gələcək və Azərbaycan xalqını xilas edəcək”.
– Bəs necə oldu siz Heydər Əliyev haqqında yazı yazdınız?
– O dövrdə Sumqayıtda “168 saat” qəzetinin müxbiri ilə-Faiq Hüsiyevlə dostlaşdım və o məni qəzetlə əməkdaşlığa, məqalələr yazmağa dəvət elədi. Mən Heydər Əliyev haqqında əsgərlikdəki hadisəni kiçik məqalə şəklində dərc etdirdim. Bu, elə bir dövr idi ki, xalqa Heydər Əliyevi unutdurmuşdular, bu qəzetdəki material müəyyən yerlərdə yayıldı və bir qisim sadə insanlar ayıldılar ki xilaskar var və onu hakimiyyətə gətimək olar… Əlbəttə, insanların az bir hissəsi bundan xəbər tutdu, çünki qəzet yalnız Sumqayıtda yayımlanırdı.Sonradan o qəzeti “Heydərçi” qəzet elan edib bağlamışdılar da…
Bir dəfə isə piketlərin birində prezidentliyə namizəd akademik Nizami Süleymanov çıxış edirdi və öyrəndim ki onun “Axtarış” adlı qəzeti var imiş. Sabahısı gün getdim tapdım o redaksiyanı və orada baş redaktorla dostlaşdım, oldum oranın da əməkdaşı . Yalnız bir məqsədim var idi. Heydər Əliyevi xilaskar kimi təbliğ etmək və bunun üçün bütün imkanlardan istifadə etmək. Sentyabr ayında ”Səs” və “İki sahil” qəzetləri ilə də əməkdaşlığım başladı. Mən hər gün “Əlincə” Xeyriyyə Cəmiyətinin qərargahına baş çəkirdim, fəaliyyət göstərirdim və orada tanış olduğim Əli Nağıyev mənə dedi ki, bu gün axşam saat 6-da konfrans zalında yığışmalıyıq və Heydər Əliyevə müraciət imzalamalıyıq, Görək neçə nəfər olacağıq?
Bütün Heydərsevərlərə bacardığımız və imkanımız çatdığı qədər məlumat verdik və hamısı yığışdı. Cəmi 91 nəfər idik. Birinci cərgədə Murtuz Ələsgərov oturmuşdu. Həmin gün mənim “Axtarış” qəzetində Heydər Əliyevlə bağlı çox sensasion bir məqaləm çıxmışdı və oxucular köşklərdən onu dərhal alıb oxumuşdular. Həmin qəzeti Murtuz müəllimə orada təqdim etdilər. Yazıya baxdı, mənə baxdı, gülümsədi və sevincini gizlətmədi. Bu vaxt iclas başladı, Əli Nağıyev müraciəti oxudu və biz hamımız onun altına imza atdıq. Müraciətdən bir həftə sonra “Səs” qəzetində Sirus Təbrizlinin “Heydər bəyi biz çağırmalıyıq!” adlı geniş bir müsahibəsi çıxdı və bununla da mənim fəaliyyətimin ikinci mərhələsi başladı. Çünki orada Sirus bəy deyirdi ki artıq Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması barədə danışıqlar gedir. Oktyabrın sonlarında isə televiziyadan xəbər tutdum ki, Naxçıvan AXC təşkilatı şəhərdə çevrilişə cəhdi edib, televiziya binasını və Daxili İşlər Nazirliyinin binasını tutublar. Heydər Əliyev Ali Məclisin önündə mitinq təşkil edərək xalqı meydana dəvət edib və beləliklə AXC təşkilatına qalib gələrək onları tərki silah edib.