18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov qardaş Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.