Niyə bu gündəyik?!
Bacarmırlar, zatən bacara da bilməzlər. Çünki başları yenə də pul qazanmağa qarışıb. Dünyanın düz vaxtında, son 15 ildə ölkəyə daxil olan 150 milyard dollarlıq neft pulundan indi heç 40 milyard da qalmayıb. Amma sivil ölkə və normal hakimiyyət olsaydı, həmin 150 milyard dollar çoxdan 300 milyard dollara çevrilmişdi. Bizdə isə son 17 ildə nə ağciyəri transplatasiya etməyə mütəxəssis yetişdirildi, nə də səhiyyə müəssisələri modern tibbi avadanlıqlarla təchiz olundu. Allah Bəhrama şəfa versin!
Böhran dövründə ölkəni idarə etmək asan məsələ deyil. Bunun üçün böhran menecmenti olmalıydı, Hakimiyyətə mövqeyindən asılı olmayaraq bütün mütəxəssislərin təklifləri alınmalı, böhrandan çıxış yollarını əks etdirən sənəd hazırlanmalıydı. Bunlar etməmələri bir yana, onlarla bir cərgədə durmayanların dediklərini də eşitmədilər, yazdıqlarını da oxumadılar.
ADR Hərəkatı olaraq rəsmi və qeyri-rəsmi şəkildə təkliflərimizi təqdim etdik, yalnız İqtisadiyyat və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri bu təkliflərə cavab verdi. Sonuncu nazirlik cavab məktubunda yazdı ki, pandemiyanın respublika üzrə yayılma dərəcəsi diaqram şəklində saytda verildiyindən interaktiv xəritənin hazırlanmasına ehtiyac yoxdur. Özünü kosmik dövlət adlandıran ölkənin adında “yüksək texnologiyalar” ifadəsi gəzdirən nazirliyi interaktiv xəritə hazırlamağı bacarmırsa, bu nazirlik kimə lazımdır? Məlumatım var ki, nəinki ölkədə çalışan, hətta xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlər də TƏBİB-ə öz köməklərini təklif ediblər, məktub yazıb tövsiyələrini veriblər, amma onlara etika xətrinə quru cavab belə verilməyib.
“Dünyanın 29 ölkəsinə yardım etmişik” deyən prezident ehtiyacı olanların çoxuna 190 manatlıq birdəfəlik yardımı belə rəva görmədi. “600 min adama yardım payladıq”, dedilər. Amma məlum oldu ki, ehtiyacı olan yüz minlər kənarda qalıb, ehtiyacı olmayan, illərlə xarici ölkələrdə yaşayanların adına pul yazılıb mənimsənilib. Pozuntularla bağlı faktlara belə reaksiya verilmədi, yedilər, üstündən də su içdilər, onlara heç gözün üstə qaşın var, deyən də olmadı.