Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xaliq Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 24-nə təyin edilib. Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Hüseynov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: 2022-ci il sentyabrın 12-də saat 22 radələrində paytaxtın Binəqədi qəsəbəsi, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Kamal Məmmədov