Ali Məhkəmədə Bakıda qətldə təqsirləndirilən Rahib Lətifov, xuliqanlıqda ittiham olunan qardaşları Qorxmaz Lətifov və Ramil Lətifovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest təmin edilməyib, Ramilin şikayəti təmin olunmayıb. Ramillə Qorxmazın isə şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin onlara aid hissədə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilib. Belə ki, Ramillə Qorxmazın 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə əsasən, 2 il müddətinə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib. Hər iki qardaş cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunub.
Qeyd: 2023-cü il noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən edilib ki, İrşad Əliyev və Fərid Əliyev tanışları, Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. İstintaq orqanı tərəfindən Rahib Lətifovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Ramil və Qorxmaz Lətifovların barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham elan edilib. Rahib Lətifov barəsində həbs qəti imkan tədbiri seçilsə də, Ramil və Qorxmaz barəsində başqa yerə getməmək qətimkan tədbiri müəyyən edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rahib Lətifov 17 il azadlıqdan məhrum edilib. Qardaşı Qorxmaz Lətifov isə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Hadisənin digər iştirakçısı olan Ramil Lətifovun da barəsində şərti cəza verilib. O, istintaq və məhkəmə dövründə həbsdə olmayıb, onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ramillə Qorxmaza 2 il həbs cəza verib. Onlar dərhal məhkəmə iclas zalından həbsə alınmışdı. Daha sonra hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti və təqsirləndirilən şəxslər isə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdi.
Kamal Məmmədov