Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən A.Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə bu il Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən 35-ci kilometrliyində qeydə alınıb. A.Əhmədov idarə etdiyi “VAZ-21070” markalı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olarkən maşının qabaq sağ tərəfi ilə yolun solundan sağına doğru adi addımlara keçən piyada Zeynəb Abdullapuru vuraraq öldürüb. Hadisədən sonra A.Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Bərdə Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.