Gəncə Apellyasiya Məhkəməsində Bərdə adam öldürməkdə təqsirləndirilən Xazər Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm təqsirləndirilən şəxsin cəza təyin edilməsinə aid hissədə dəyişdirilib. Cinayət Məcəlləsinin (CM) 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Xazər Məmmədov həmin maddə ilə cinayət məsuliyyətindən azad olunub. Eyni zamanda bu hissədə cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxsin üzərində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, CM-in 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə təyin edilmiş 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.