Azərbaycan Respublikasının Ali Məhkəməsi bir dələduzluq işinə dair mühüm qərar qəbul edib.
Qərarı şərh edən Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov bildirib ki, bu iş hüquq sistemimizdə cəza təyini və qanunvericiliyin düzgün tətbiqi məsələləri baxımından çox vacibdir.
Vəkil öncə cinayət işinin predmetini açıqlayıb:
"Birinci instansiya məhkəməsi tərəfindən məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzanın iki il sınaq müddəti ilə şərti hesab edilməsinə qərar verib. Bu qərardan həm məhkumun müdafiəçisi, həm də dövlət ittihamçısı apellyasiya şikayəti və protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb. Dövlət ittihamçısı bu qərardan narazı qalaraq Ali Məhkəməyə kassasiya protesti təqdim edib".
Dələduzluq əməllərinə gəldikdə isə vəkilin sözlərinə görə, məhkum bir neçə epizodda müxtəlif şəxslərə qarşı dələduzluq əməlləri törədib:
"Birinci epizodda məhkum Ukraynadan taxta materiallarının gətirilməsində köməklik göstərəcəyini vəd edərək, bir şəxsdən ümumilikdə 60 000 manat alıb. Daha sonra Litvadan kartof məhsulunun idxalı adı ilə başqa bir şəxsdən cəmi 27 475 manat (35 000 ABŞ dolları ekvivalentində) məbləğində pul ələ keçirib.