Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlüyə məxsus olmuş "Orion Global” MMC (VÖEN - 1005080711) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Yeniavaz.com xəbər verir ki, "Orion Global” MMC barəsində tərtib olunan protokola Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, əvvəllər "Orion Global” MMC-yə Turqay Müslümlü rəhbərlik edib. Hazırda şurkətin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.