Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada, xuliqanlıqda, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə və soyğunçuluqda təqsirləndirilən Mədət Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 19 may 2023-cü il tarixdə, saat 20:45 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi ərazisində yerləşən “Bravo” marketin qarşısında qeydə alınıb. Belə ki, zərərçəkmiş Uğur Rəfiyev (şərti) Mədətin atasının idarə etdiyi sərnişin avtobusunun üzərinə sürüldüyünü zənn edərək sürücücünü ünvanına nalayiq ifadələr işlədib. Bu zaman o, avtobusdan düşüb ucadan nalayiq ifadələr işlədib və Uğurun sol kürək nahiyəsinə əlindəki bıçaqla qəsdən bir dəfə vuraraq xəsarət yetirib. Bundan başqa, Uğur Rəfiyev 29 iyun 2023-cü il tarixdə, saat təxminən 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yeni inşa edilməkdə olan yaşayış binasının həyətində gözətçi işləyən zərərçəkmiş Habil Fərəcovun (şərti) ona fəhləyə ehtiyac olmadığını bildirib çıxıb getməsini tələb edib. Bu zaman o, yerdən götürdüyü taxta parçası ilə zərərçəkmiş şəxsin sağ qoluna qəsdən bir dəfə vuraraq xəsarət yetirib. Sonra təqsirləndirilən şəxs Habilin 20 manat dəyərində “Nokia” markalı mobil telefonu onun əlindən alaraq hadisə yerindən qaçıb. Bundan başqa, Uğur Rəfiyev 03 sentyabr 2023-cü il tarixdə, gecə saat 03 radələrində Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının qarşı tərəfindəki dayanacaqda saxlanılmış zərərçəkmiş İmran İslamovun (şərti) “Mersedes Benz” markalı avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırıb. Hadisələrdən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov