Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadze Türkiyənin məşhur onlayn ticarət platforması olan "Hepsiburada"nın səhimlərinin 65%-ni satın almasından danışıb. Lomtadze bu barədə oktyabrın 22-də Almatıda keçirilən “Kursiv Ekosistemlər Forumu 2024: Rəqəmsal Ekosistemlərin Gələcəyi” adlı tədbirdə danışıb.
Mixail Lomtadze deyib ki, Türkiyə bazarı öz strukturu və iqtisadi göstəriciləri baxımından onlar üçün maraqlıdır: “Türkiyə Qazaxıstana çox bənzəyir. Bazarın ölçüsü bizim üçün çox vacibdir - 85 milyondan çox insan. Aldığımız şirkətin çox güclü menecmenti, vizyonu olan təsisçisi var. Şirkət öz xidmətlərinin keyfiyyətinə böyük diqqət yetirir. Bu, bizim üçün əsas amillərdən biri idi. Biz Türkiyə və "Hepsiburada"nı seçdik, çünki ölkənin cəlbedici struktur göstəriciləri var və şirkət unikaldır”.