Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Bir sıra böyük dövlətlər, transmilli korporasiyalar COP-la bağlı öhdəliklərdən boyun qaçırırlar" - RƏY

863
Paylaş:
"Bir sıra böyük dövlətlər, transmilli korporasiyalar COP-la bağlı öhdəliklərdən boyun qaçırırlar" -         RƏY

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29-un növbəti ay Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın qorunmasına və gələcəyə hesablanan platforma mərkəzi sayılan bu tədbirin keçirilməsi Azərbaycanın üzərinə böyük məsuliyyət qoyur. Beləliklə, Azərbaycanın iqtisadi və geopolitik gücü imkan verir ki, qlobal problemlərin müzakirəsi, həlli yollarının araşdırılması Bakıda baş tutsun.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib ki, COP29 qlobal iqlim dəyişmələri, ətraf mühitin qorunması və bu sahədə görülmüş işlər, eləcə də perspektivlər haqqında mühüm tədbir olacaq: 

Müxtəlif platformalarda Lavrova qarşı boykot prosesi gedir” – Politoloq  Pravda.az

“Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizə də mühüm imkanlar yaradır ki, regiondakı reallıqları həm dünya ictimaiyyətinin diqqətinə təqdim edək, həm də ölkəmizdə dünyanın aparıcı klubları, dövlət və hökumət başçıları, ekspertlər müzakirə aparsınlar. Tədbirin Azərbaycanda keçirilməsinə dair yekdil fikir həm də ölkəmizə olan yüksək münasibəti özündə əks etdirir. COP29 çərçivəsində bir sıra yeniliklər də tətbiq olunacaq. Ermənistanın işğal dövründə və ondan sonrakı mərhələdə Qarabağa, Şərqi Zəngəzura milyonlarla piyada və tank əleyhinə minaların basdırılmasının kənd təsərrüfatına, dayanıqlı inkişafa vurduğu mənfi təsirlər haqqında çox önəmli fikirlər söyləniləcək. Bakıda keçiriləcək COP29 tədbirində xüsusilə iqlim maliyyələşməsi məsələsinə diqqət ayrılacaq. Çünki bu, çox önəmli məsələdir. İqlimlə bağlı ekologiyaya vurulan zərərin aradan qaldırılması üçün maliyyə vəsaitlərinin kəskin artımına böyük ehtiyac var. Şirin su ehtiyatlarının tükənməsi, qlobal istiləşmə, qlobal müharibələrin  ekologiyaya təsiri nəticəsində yaranan fəsadlar milyardlarla dollar həcmində ölçülür. Hazırda bu sahədə olan büdcə cəmi yüz milyard dollardır. Bakıda təklif olunacaq ki, bu məbləği 500 milyarda, hətta 1 trilyon dollara qədər qaldırmaq mümkün olsun. Məhz bu səbəbdən bir sıra böyük dövlətlər, transmilli korporasiyalar COP29-a əhəmiyyət vermirlər. Tədbir çərçivəsində öhdəliklərdən də boyun qaçırırlar. Bu proseslər digər qruplarda da müşahidə olunmuşdu. Ölkəmiz əleyhinə də bir sıra qarayaxma kampaniyaları həyata keçirilir. Bunun dərin məzmunu, kökləri var və geniş araşdırmalar aparılır. Bu prosesin arxasında duran şəxslər və təşkilatlar, bir sıra korrupsiyaya bulaşmış adlar görünməkdədir. Bütün bunlara baxmayaraq, iftira, böhtan kampaniyasını nəzərə almadan Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək, bir sıra yeniliklərlə yadda qalacaq. Azərbaycan üçün önəmli olan iqlim sahəsindəki problemlərin həlli, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və yaşıl enerjiyə keçid, külək, günəş enerjisi, Xəzərin küləyindən alınan enerjinin Qərbə nəqli, Qara dənizin dibi ilə elektrik ixracı üzrə kabelin çəkilməsi və bu kimi ölkəmizin də gördüyü digər işlər, mütərəqqi addımlar da qonaqların diqqətinə çatdırılacaq, eləcə də qlobal məsələlər müzakirə olunacaq”. 

Politoloq Yusif Bağırzadə isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) tarixindən danışıb: 

“Bu konfrans ilk dəfə 1995-ci ilin martında Berlində baş tutub. COP-a sədrlik isə rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa təmsilçiləri arasından seçilir. Azərbaycan Şərqi Avropa qrupunun təmsilçisi olaraq bu il yekdil qərarla COP-a sədrlik edəcək. Bununla bağlı qərar keçən il Birləşmiş Ərəb Əmirliklərində baş tutmuş COP28-də qəbul olunub. Xatırladım ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Lakin aparılan danışıqlar nəticəsində Ermənistan və Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdülər. Beləliklə, yekdil olaraq Azərbaycanın COP-a sədrlik etməsi ilə bağlı qərar qəbul olundu. Şübhəsiz ki, bu qərar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. İlkin məlumatlara görə, COP29-da 100-dən çox dövlətin nümayəndəsinin və xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin, ümumilikdə 80 minə yaxın qonağın iştirakı gözlənilir ki, bu da keçiriləcək tədbirin nə qədər əhəmiyyətli olmasının bariz sübutudur. COP bir çox göstəricilərə görə olduqca yüksək səviyyəli tədbir hesab olunur. COP29-un da həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbir olacağı şübhəsizdir. Ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi həm Azərbaycan həqiqətlərinin, həm də ölkəmizin malik olduğu potensialı beynəlxaq birliyə göstərmək baxımından önəmlidir. COP29-un ölkəmizin əsas gündəliyinin “yaşıl” enerji ilə bağlı olduğunu dünyaya nümayiş etdirməyə də imkan verəcək ki, bu da olduqca önəmlidir. Azərbaycanın böyük neft və qaz istehsalçısı olan ölkə olaraq iqlim dəyişikliyi məsələsini diqqətdə saxlaması və “yaşıl” enerjiyə keçidi özünün enerji siyasətinin əsası olaraq görməsi ölkəmizin ətraf mühitə vediyi önəmi göstərir”. 

Y.Bağırzadə bildirib ki, siyasi baxımdan konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun daha da inkişafına gətirib çıxaracaq: “İkincisi, bu tədbir həm də xüsusilə son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan dairələrə də tutarlı cavab olacaq. Hər kəs görəcək və anlayacaq ki, Azərbaycanın müsbət imicinin üzərinə kölgə salmaq mümkün deyil. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaqdır. Ən əsası isə COP29 ölkəmizin regionda yaratdığı reallıqları təhrif edilmədən dünya ictimaiyyətinə çatdırmaq baxımından, eləcə də yeni əməkdaşlıqlar baxımından da xüsusi önəm daşıyır”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu üzrə dərc olunub. 


Aytəkin Qardaşova 

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış etdi Pravda.az

Paylaş:

Ən son xəbərlər