Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəllsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Ruhiyyə Mürvət qızı Tahirovanın növbəti məhkəmə prosesi keçirilib. "Unikal"ın məlumatına görə, cinayət işində şahid kimi tanınan zərərçəkmiş şəxsin anası Səriyyə İsrafilova ifadə verib. O, oğlunun yatan yerdə öldürülməsindən narazılığını bildirib:
"Bu qadının yanına çox kişi gəlib-gedirdi, Ruhiyyə mənim oğlumu yatdığı yerdə vurub. Qonşulara gedib deyib ki, oğlanı mən öldürmüşəm. Oğlumu ailəsindən mən özüm ayırmışdım. Samir həbsxanadan çıxandan sonra qoymadım getsin Sumqayıta, yanımda qalırdı oğlum. O, metal yığıb məntəqələrə təhvil verirdi, elə olurdu gecələr evə gəlmirdi. Sən demə gedib bu qadının yanında qalıb. Mən balamı süpürgəçilikə böyütmüşəm".
Şahid Səriyyə İsrafilovanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Məlum olub ki, Samir 2019-cu ildə əfv sərəncamı ilə həbsdən azadlığa çıxıb.