Keçmiş deputat Baba Tağıyevə məxsus "Tağıyev" Şirkəti inzibati məsuliyyətə cəlb edilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şəfəq Məmmədovanın icraatına verilib.
İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaqla bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.