Milli Məclisin deputatı Aqil Abbasın müsahibə verib.
Pravda.az həmin müsahibəni təqdim edir:
- Aqil müəllim, Azərbaycanda koronavirusdan ölənlərin sayının 120 nəfəri keçməyinə baxmayaraq, hələ də bu xəstəliyin mövcud olduğuna inanmayanlar var. Hətta çox adam bunu sosial şəbəkələrdə açıq şəkildə yazır. Sizcə, bu inamsızlığa səbəb nədir?
- Əgər bizdə əhalinin 99 faizi Allaha inanmırsa, koronavirusa necə inansın? Bu xəstəlik mövcuddur, ona yoluxanlar və ondan ölənlər var. Tutulanların içərisində dost-tanışlarımız var. Amma yenə inanmırlar. Bizim millətdə inamsızlıq var. Bu həm də düzgün informasiyaların verilməməsilə də əlaqədardır. Bəzən belə hallar yaşanır. Operativ Qərargahın işi düz deyil, onun verdiyi qərarları insanlar təəccüblə qarşılayır, çünki qərarlarda məntiq tapmaq olmur. Yayın bu istisində iti çölə çıxarmağa icazə verirlər, amma uşağa qadağa qoyurlar. Çölə çıxmaq uşağa lazımdır, itə yox. İti nə edirəm mən? Azərbaycanda neçə adamın iti var? İti olanlar imkanlı adamlardır. Operativ Qərargah niyə icazə vermir ki, biz ailələrimizi aparıb kənddəki qohumlarımızın yanına, yaxud öz evimizə qoyaq? Burda yaşayanların çoxunun kənddə evi var. Gedib müvəqqəti ora yerləşsinlər ki, həm şəhərdəki sıxlıq aradan qalxsın, həm də özləri arxayın olsunlar. Lap gedib kirayə tutacaq, belə olması belə başqa biri üçün faydalıdır, çünki o verilən kirayə ilə bir başqası heç olmasa dolana biləcək. 5-10 kilometrlik tıxaclar yaranır, niyə? Kimin imkanı varsa, ailəsini kəndə aparmasına imkan verilməlidir.
- Dövlət, ictimai təşkilatlar, tanınmış şəxslər neçə vaxtdan bəri “evdə qal” desələr də, hamı çölə can atır. İnsanların karantin rejimini pozmağa bu qədər meylli olması nə ilə bağlıdır?
- Bəli, videolar var, insanlar qaçmaq istəyir, çünki adamları belə həbsxanaya salmaq olmaz, onun arxası çox pis gələ bilər. Bütün dünya qapılarını açır, bizimkilər bağlayır. Moskvada 10 milyondan çox, yəni Azərbaycandakı qədər əhali yaşayır və orada 4 mindən çox adam ölüb. Azərbaycanda isə 120-130 adam ölüb. Bu vəziyyətdə Moskva, İtaliya, Fransa, ümumiyyətlə bütün dünya artıq qapıları açır... Amerikada 100 mindən çox adam ölüb. Artıq rəqəmləri də yadda saxlamaq olmur. Amma bizdə belə deyil axı... Niyə bu qədər sərtləşdirirlər? Belə olduğuna görə də adamlar qıcıqlandı, əsəbləşdi, nəticədə polislə aralarındakı münasibətlər pozuldu. Hamı düşdü polisin üstünə... Polis vəzifəsini icra edir. Ona desələr ki, get Aqil Abbasın qoluna qandal tax, gətir. O, gedib gətirməlidir. Onun vəzifəsi əmrə qulluq etməkdir. Adamları polisə qarşı qaldırdılar, polislə münasibəti pozdular. Elə bil Azərbaycana bir çömçə fırlanır. Baxıram, Binəqədidə və digər yerlərdə su yoxdur. İnsanlar karantindədir və nəinki əlini yumağa heç nə bilim nəyinə su tapmır. Bunu kim edir? Həmin adamlar cəzalanmalıdır.
İspaniya, Macarıstanda futbola icazə verilir. Azərbaycanda isə hələ futboldan söhbət getmir, niyə? Özü də futbolda 2 yox, 10 metrlik vəsafə olur. ÜST elə bil bizim başımıza corab hörür. Sən kimsən axı? ÜST Allahın bacısı oğludur?
Bir şey də deyim, TƏBİB-in böyüyü Ramin Bayramlı deyir ki, hər evdə bir nəfər virusa yoluxacaq. Ay qardaş, onda axı sən nəyə lazımsan? Get işinlə məşğul ol da... Səhiyyə Nazirliyi, bu qədər həkim nəyə lazımdır? Bu nə sözdür deyirsən? Sözü bir az arifanə deyərlər. Digər bir tərəfə baxıram, Seymur Kazımov adında bir adamın atası xəstələnib, amma heç kim kömək etməyib. Onda siz nəyə lazımsız? Görün, nə qədər problemlər var. Ona görə də insanlar inanmır. İnsanları nəzərə almaq lazımdır. İnsanları bu qədər sıxarsan və birdən elə partlayar ki, qabağında heç kim dura bilməz.
Lakin bildirim ki, edilməli olan şeylər də var, məsələn, əgər dövlət deyirsə ki, məsafə saxla, maska tax, hər kəs bunu etməlidir. Əslində, elə edilməli olan bunlardır. Karantindən bir gün qabaq bir-iki şey almaq üçün mağazaya girmişdim, basabas yox idi. Amma marketdəki 70 faiz əhali maska taxmamışdı. Bu da doğru deyil. Maska tax, ailəni, doğmalarını qoru.
İkinci bir tərəfdən artıq dünya dəyişib, nə etsən də fərqi yoxdur. Mənim dostum Bəhram Bağırzadə xəstədir. Özü də o adamın əvvəldən ağciyərində problem var idi, astması var, bunu danışanda onun səsindən də bilmək olurdu. İndi adamlar var ki, Bəhram ağır xəstə olduğu halda onunla məzələnməyə başlayıblar. Ayıb olsun. O insan ölüm ayağındadır. Onların bu cür davranması da elə bayaq dediyimiz inamsızlığa görədir. Lakin inanmaya-inanmaya bir gün özləri yoluxa bilər.