Lənkəran Ağır Cinayətlər Məhkəməsində “SOCAR PETROLEUM” QSC-yə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının sabiq direktoru Bayram Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Cinayət Məcəlləsinin (CM) 179.3.2, 308.2 və 313-cü maddələri ilə verilmiş ittiham üzrə əməli CM-in 179.3.2-ci (mənimsəmə) maddəsindən CM-in 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif olunub. İttihamdan CM-in 308.2-ci maddəsi xaric olunub. Təqsirləndirilən şəxs barəsində CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə dəymiş ziyanı tamamilə ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmaqla xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Bayram Bağırovun barəsində CM-in 313-cü maddəsi ilə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. QSC-nin Bayram Bağırova qarşı 275.028,39 manat məbləğində mülki iddiası qismən, yəni 42525,08 məbləğində təmin edilib. Təqsirləndirilən şəxs tərəfindən QSC-nin hesabına 2526 manat pulun ödənilməsi nəzərə alınmaqla onun Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyduğu 40 000 manat məbləğində pul şirkətin hesabına köçürülməsi barədə qərar çıxarılıb.