BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama: "Bunu nəzərə almalıyıq..."

“Azərbaycanda istər prezident seçkiləri, istər parlament, istərsə də bələdiyyə seçkiləri ilə bağlı məsələlər, şübhəsiz ki, qanunla tənzimlənir. Lakin prezident və parlament seçkiləri bilavasitə ali qanunumuzda müəyyənləşib. Bələdiyyələrlə bağlı məsələ isə Seçki Məcəlləsinin predmetidir. Hər kəs bu maddələrlə tanış ola bilər. İki-üç gündür, bu məsələ ətrafında sosial şəbəkələrdə və mediada gedən ajiotajın səbəbi başa düşülür. Çoxları elə hesab edir ki, keçən seçkilər 23 dekabrda keçirilib, müddət hazırda pozulub və konstitusion normanın aşılması ana qanuna əməl etməməkdir. Halbuki burada fərqli hüquqi reallıq var. Bunu nəzərə almalıyıq”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

 

“Hazırkı anda söhbət məhz Seçki Məcəlləsinin müəyyənləşdirdiyi situasiyadan gedir. Məcəllənin 211-ci maddəsində qeyd olunur ki, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bu müddətin hesablanması seçki günündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Hansısa ərazilərdəki bələdiyyə vahidində seçkilərin nəticələri tanınmırsa, belə halda məhz əvvəlki dövrdə seçilmiş bələdiyyə öz səlahiyyətlərini saxlayır və növbəti dövrdə bələdiyyə orqanı olaraq tanınır, fəaliyyəti də qanuni sayılır. Mərkəzi Seçki Komissiyası mütləq seçkilərin keçirilməsinə dair həm vaxtı, həm də müvafiq seçki təqvimini elan etməlidir. Onlar müstəqil qurum kimi seçki vaxtını nə vaxt elan edəcəklər, yaxud gecikmə hansı amillərlə bağlıdır, bu barədə nəsə deməyim subyektiv olar. Lakin bunun ətrafında anti-dövlət kampaniyası aparırlar, MSK-nın xalqın hüquqlarını mənimsədiyini, seçkilərin keçirilməsinin istənilmədiyini deyirlər. Bütün bunlar reallığı ifadə etmir, doğru deyil. Azərbaycan dövləti xalqın iradəsinin təmsil olunması üçün müvafiq tədbirləri həyata keçirməyə mükəlləfiyyətli, öhdəliklidir. Əminəm ki, indiki halda seçki administrasiyası kimi Mərkəzi Seçki Komissiyası bununla bağlı müvafiq qərar verəcək. Kimsə iddia edə bilər ki, qlobal iqlim sammiti ərəfəsində xüsusilə Bakı şəhərində əsas tədbirlərin keçirilməsi ilə bağlı müxtəlif fəaliyyətlər məhdudlaşdırılmalı olacaq. Komissiya bunları nəzərə alıbmı? Bu suala mənim cavab verməyim doğru olmaz. Yalnız mülahizə edə bilərik. Avtomatik olaraq hazırkı 1300-dən artıq bələdiyyə 685 sayda birləşdirildi və bunların hər birinin içində bələdiyyə üzvlərinin sayı fərqlidir. Belə halda konkret sabah seçkilərin vaxtı təyin olunaraq seçkilərə start verilməsi ilə dərhal namizədliklərin irəli sürülməsi, imzaların toplanması, qeydiyyat və kampaniyaların aparılması işləri gerçəkləşməlidir. Bunun üçün bütün təlimatlar verilməlidir. Hər bir vətəndaş öz hüquq və azadlıqlarını gerçəkləşdirmək imkanında olmalıdır. Zənn edirəm ki, MSK öz subyektiv mövqeyindən, marağından deyil, qanun çərçivəsində məsələni çözəcək. Nəzərə almalıyıq ki, bir sıra ölkələrdə prezident və parlament seçkilərinin də tarixi bəzi hallarda Məcəllələrdən asılı olur. Məsələn, qardaş Türkiyədə “Prezident seçkiləri nə vaxt təyin edəcək?” şəklində böyük ictimai müzakirələr, diskussiyalar olur. Bizdə parlament seçkiləri hər 5 ildən sonra noyabrın birinci bazar günü keçirilməlidir. Bu, ayın 3-ü və ya 4-ü, 5-nə də düşə bilir. Burada heç bir başqa alternativ mülahizələrə yer qalmır. Mübahisələndirməyin də yeri yoxdur. MSK-ya Seçki Məcəlləsi ilə bu səlahiyyətlər verildiyi üçün bələdiyyə seçkiləri dekabrın 23-ü və ya 25-i deyil, bir neçə gün sonra da təyin olunsa, hesab edirəm, indiki bələddiyyələr öz səlahiyyətlərini onsuz da saxlayıblar. Yəni xalqın təsisçilik hüququ həyata keçir. Bununla bərabər yenə də əsas götürməliyik ki, bələdiyyələrin səlahiyyətləri yeni formalaşıb səlahiyyətlərinə başladığı gün bitir. Burada bir fasiləsizlik mövcuddur ki, deyilən vakuum baş verməsin. Düşünürəm, qarşıdakı dövrdə daha dəqiq hüquqi normativlər yaradılması, bütün şəraitin tənzimlənməsi mümkündür ki, mühüm qlobal tədbirlər amili olarsa, şərti olaraq seçkilərin vaxtının irəli və ya geri şəkilməsi məsələləri orada əksini tapa bilsin. Heç kim müvafiq qurumları ittiham edə bilməsin ki, onlar xalqın və ya dövlətin adından öz mülahizələri ilə hansısa günü seçki günü kimi elan ediblər”, - komitə sədri bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 31 Oktyabr 2024, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin