14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadəyə qarşı dələduzluq etməkdə ittiham olunan baş həkim işləmiş Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə dindirilmə mərhələsi aparılıb.
Növbəti proses dekabrın 5-nə təyin edilib.
Qeyd edək ki, B.Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.
Belə ki, hadisə baş verməzdən əvvəl B.Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu A.Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. Aruz Əliyev özü isə həkim-cərrahdır. O, bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.
İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub. Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar. Bundan sonra həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.