Şirvan Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Aydın Xəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilib.
Qeyd: Ötən ilin oktyabrında Neftçala rayonunda 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın intiharı ilə bağlı cinayət işi başlanmışdı. Bu iş üzrə mərhumun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Aydın Xəlilov təqsirləndirilib. Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham edilən şəxs Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə özünü təqsirli bilib və törətdiyi əməlləri etiraf edib.
Bildirilib ki, Q.Xəlilova 1994-cü ildə Aydınla ailə qurub və həmin vaxtdan etibarən əri tərəfindən şiddət görüb. 1995-ci ildə Qızqayıdın ondan xəbərsiz anasıgilə getməsini və qayınanasının onun atasının yasına gəlməməsini illərdir unuda bilmədiyini deyən A.Xəlilov 30 ilə yaxın müddətdə arvadını döydüyünü, onu təhqir etdiyini etiraf edib.
İstintaqla müəyyən edilib ki, ərinin uzun illərdir şiddətindən bezən qadında frustrasiya halı (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) müşahidə edilib.
O, intihardan əvvəl məktublar yazaraq həm əynindəki paltarın cibinə, həm də evdə döşəyin altına qoyub. Daha sonra isə özünü asaraq intihar edib. Meyiti tapıldığı zaman onun üzərində xəsarətlər aşkar edilib.
Məhkəmənin hökmü ilə Aydın Xəlilov 5 il müddətinə azadlıqdan mərhum edilib.
Kamal Məmmədov