Bakının Səbail rayonunda 1993-cü il təvəllüdlü Şahin qeyri-rəsmi münasibətdə yaşadığı Kəmaləni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Şahin əvvəllər rəsmi nikah bağlanmadan ər-arvad münasibətində olduğu Kəmalənin ondan ayrılmaqla, başqa kişilərlə görüşdüyünü zənn edib. Bunu özü üçün qəbuledilməz hal sayıb və onu öldürmək qərarına gəlib.
Şahin niyyətini həyata keçirtmək məqsədilə yaşadığı Bərdə rayonunun kəndində yerləşən evdə 2024-cü ilin istintaqa dəqiq məlum olmayan tarixində mərhum babası Musadan qalmış ov tüfəngini çantasında gizlədib.
Daha sonra yaşadığı kənddən Bakı şəhərinə gəlib. O, niyyətini həyata keçirmək üçün Kəmaləyə birgə münasibətlərindən olan qız övladına baxması üçün pul verəcəyi adı ilə aldadıb və görüşə dəvət edib.
Şahin 2024-cü ilin yanvar ayında saat 23 radələrində Səbail rayonunda yerləşən “Sahil” hotelinin 2-ci mərtəbəsində yerləşən 609 nömrəli otağında orta dərəcəli alkoqol sərxoşluğu halında Kəmalə ilə görüşüb. Kəmaləni öldürmək niyyəti ilə əvvəlcədən həmin otaqda gizlətdiyi odlu silahdan onun döş qəfəsi nahiyəsinə atəş açıb.
Kəmalənin atəşdən yayınma cəhdinə görə güllə onun sağ əl və sağ əlin barmaqlarından dəyib. Ağır xəsarət alan qadına tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.
“Ara-sıra görüşmüşük”
İstintaq orqanı tərəfindən Şahinin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2010-cu ildə Kəmalə ilə qeyri-rəsmi ailə həyatı qurub: “2016-cı il tarixədək Kəmalə ilə ər-arvad münasibətlərində qalaraq onunla birlikdə yaşamışam.
Həmin ilin sonlarında Kəmalə ilə münasibətlərimiz alınmadığından ondan ayrıldım. Lakin Kəmalə ilə birgə nikahımdan anadan olmuş 2011-ci il təvəllüdlü qızım Leylaya görə ara-sıra Kəmalə ilə görüşərək münasibət yaratmışam”.
“Mənimlə görüşmək istəmədi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə Zülfiyyə ilə tanış olaraq onunla qeyri-rəsmi nikaha daxil olarub və ər-arvad münasibəti qurub: “Zülfiyyə ilə birgə nikahdan iki övladımız oldu. Keçmiş arvadım Kəmalə ilə ayrılmağımıza baxmayaraq münasibətlərimiz son zamanlara kimi davam edirdi.
Mən məhkəmə iclasında deyə bilmədiyim səbəbdən 2024-cü ilin yanvar aylarında Bərdə rayonunun kəndində mərhum babam Musadan yadigar qalan sənədsiz təklülə ov tüfəngini evdən götürdüm və lüləsini laqonda ilə kəsərək balacalaşdırdıqdan sonra əl çantama yerləşdirdim.
Saat 15:00-da yaşadığım Bərdə rayonundan Bakı şəhərinə gedən taksi ilə Bakı şəhərinə yola düşdüm. Yolboyu spritli içki qəbul etdim. Yolda istifadəmdə olan mobil telefon nömrəsindən keçmiş həyat yoldaşım Kəmaləyə zəng edərək onunla görüşmək istədiyimi bildirdim. Lakin Kəmalə görüşmək istəmədiyini bildirdi”.
“Planım öldürmək idi”
Şahinin ifadəsinə görə, saat 19:00-da Səbail rayonunda yerləşən “Sahil” hotelə gəlib və 609 nömrəli otağı 35 manat pul ödəməklə kirayələyib: “Dəniz ətrafında bir az gəzdikdən sonra yenidən “Sahil” hotelə qayıtdım, orada gecələdim. Növbəti gün saat 20:000-da Kəmaləyə zəng etdim. Bu dəfə ona birgə nikahdan olan övladıma baxması üçün 1000 manat pul verəcəyimi vəd etdim və aldadaraq onu hotelə çağırdım.
Kəmalə təkliflə razılaşaraq 1-2 saat ərzində dediyim ünvanda ola biləcəyini bildirdi. Otağa bir balıq və yarım litr spritli içki sifariş etdim, Kəmalənin gəlməsini gözlədim.
Kəmaləni öldürmək məqsədi ilə Bərdə rayonundan gətirdiyim ov silahını əl çantamdan götürərək yataq dəstinin alt hissəsində gizlətdim. Planımın onu öldürmək idi”.
“Dedim, ürəyindən atəş açıb, səni öldürəcəyəm”
Şahin qeyd edib ki, saat 23 radələrində Kəmalə hoteldə kirayələdiyi 609 nömrəli otağa daxil olub: “Otağa daxil olduqdan sonra Kəmalə işi olduğunu və vəd etdiyim pulu alıb gedəcəyini bildirdi. Bir müddət söhbət etdikdən sonra ona qəti olaraq bildirdim ki, Bakı şəhərində yüngül həyat tərzi keçirməsinə son qoysun, əks təqdirdə ona yaxşı olmayacaq. Ağzımdan söz çıxmamış Kəmalə boşandığını və istədiyi tərzdə yaşayacağını söylədi.
Onun mənə verdiyi cavabdan bərk qəzəbləndim. Ondan hamam otağına keçməyi xahiş etdim, çantamda ona göstərmək istəmədiyim əşya və vəd etdiyim pul olduğunu dedim. Kəmalə mənə inanaraq hamam otağına girdi.
Kəmalənin kürəyi mənə tərəf olanda planladığım kimi onu öldürmək məqsədi ilə əvvəlcədən gizlətdiyim lüləsi kəsilmiş ov tüfəngini götürərək hazır vəziyyətə gətirdim. Sonra hamama daxil olaraq ona səsləndim və dedim ki, ürəyindən atəş açıb, səni öldürəcəyəm. Kəmalə üzünü mənə tərəf çevirdikdə ucadan qışqırmağa başladı.
Bu vaxtı lüləsi kəsilmiş ov tüfəngi ilə onun ürək nahiyəsinə tuşlayıb nişan aldım. Atəş açmaq istəyəndə Kəmalə əli ilə tüfəngin lüləsini kənara itələdiyindən güllə açıldı. Güllə onun ürək nahiyəsindən yox, sağ qolundan dəydi. Kəmalə yerə yıxıldı. Atəş açmamışdan qabaq Kəmalə ilə mənim aramda məsafə təxminən 0,5 metr olardı.
Kəmalənin ölmədiyini görüb tüfənglə ona zərbə yetirərək öldürmək məqsədi ilə ona yaxınlaşdın. Atəş səsinə və Kəmalənin qışqırığına hotel işçiləri otağa daxil oldular və onu öldürməyimə mane oldular. Hotelin əməkdaşları Kəmaləni çıxartdılar”.
“Fahişəliyə cəlb etmə ilə məşğul olmamışam”
Şahin bildirib ki, Kəmalə tərəfindən istintaqa təqdim edilmiş səsyazıları ona məxsusdur: “Kəmalə ilə telefon danışıqlarımızda onun anasına məxsus olan və mənim baxdığım qoyun-quzunu oğurlayaraq satdığımı bildirməyim yalan məlumatdır. Mən Kəmaləyə həmin qoyun-quzunu satmadığımı, istədikləri vaxt gəlib həmin qoyun-quzunu məndən təhvil ala biləcəklərini demişəm.
Kəmalənin anası qoyun-quzusunu saymaq üçün bir neçə dəfə Bərdə rayonuna gəlib və sayda hər hansı əskiklik aşkar etməyib.
Mən Kəmaləyə guya Bərdə rayonunda fahişəliyə cəlbetmə ilə məşğul olduğumu yalandan demişəm. Əsl həqiqətdə hər hansı bir vaxt və hər hansı bir yerdə fahişəliyə cəlbetmə ilə məşğul olmamışam. Guya Bərdə rayonunda qumarxana təşkil etdiyimi də yalandan demişəm”.
“Münsibətlərimiz yarandı”