Lent.az “Məşhurların stili” adlı yeni rubrikasını təqdim edir. Bu rubrikada ölkəmizin tanınmış, sevilən insanlarının modaya münasibəti, geyim tərzi, zövqləri barədə danışacağıq. İlk qonağımız televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Hüseynovdur.
Dosye: Nuran Nəriman oğlu Hüseynov 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanıb. Daha sonra Odlar Yurdu Universitetinə daxil olub. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" verilişinin aparıcısı olub, hazırda iki xeyriyyə layihəsinə rəhbərlik edir. "Həyat Fondu"nun rəhbəridir.
- Nuran bəy, insanlar arasında belə bir söhbət yaranıb, deyirlər sizin böyük geyim şirkətiniz var.
- Şirkətim yoxdur, Hacı Nuran geyim brendim var. Yalnız özüm üçün geyimlər hazırlayıram. Geyim şirkəti yaratmağa fiziki olaraq vaxtım yoxdur. Bəlkə gələcəkdə oldu.
- Dizaynını özünüz verirsiniz, bəs tikmək işinə kim baxır?
- Özüm tikirəm. Uşaqlıqdan buna həvəsim olub.
- Bu qədər rəngarəng, fərqli geyinmək həvəsi necə və nə vaxt yaranıb?
- Belə fərqli geyinmək əslində seçilmək üçün deyil. Uşaqlıqdan sevirəm bunu. Bir dəfə məktəbə gedəndə tələsib sviterin üstündən köynək geyinmişdim. Baxdım ki, pis görünmür. Sonra davamlı belə geyinməyə başladım. Hamı qışda qalın jaketlərdə, sviterlərdə, mən köynəkdə gəzirdim. Soruşurdular ki, sənə soyuq deyilmi? Gözəl köynəklər geyinib onları nümayiş etdirirdim və üşümürdüm. Belə-belə, bu həvəsim böyüdü. Sonra qeyri-adi qalstuklar, iki yaxalı köynəklər hazırladım. Bunları özüm kəşf eləmişəm.
Bunu deyərək Hacı Nuran geyindiyi köynəyin üst-üstə tikilmiş çox xoş görünən yaxalığını və qeyri-adi qalstukunu göstərir. Çiçəkli parçadan hazırlanmış qalstukun içərisində qara rəngli daha bir qalstuk var. O istədiyi anda bu kombini yeniləyə bilir.