Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən şəxsin külli miqdarda dələduzluq etməsi məlum olub. Pravda.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü yüksəkvəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və onlardan külli miqdarda pul alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, X.Abdıyev taksi kimi sürdüyü maşına müştəri qismində əyləşmiş Nuranəni (şərti) Hövsandan Yasamal rayonundakı xəstəxanaya aparıb. Yolda o, özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib, geniş maddi imkanlara və əlaqələrə malik olduğunu bildirib.
Bundan sonra Abdıyev həmin qadınla ailəvi münasibət qurub. Onun həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini, 2 qohumunu gəmidə aşpaz vəzifəsinə təyin etdirəcəyini, Nuranənin əri ilə Salyanda üzüm bağı salaraq böyük gəlir əldə edəcəklərini və sair vədlər verərək qadının özündən və bir neçə qohumundan külli miqdarda pul alıb. O, təkcə üzüm bağı salmaq adı ilə qarşı tərəfdən 60 min manat pul alaraq ələ keçirib.