Balıq yemək sağlamlıq üçün çox faydalıdır və gündəlik qidalanmaya daxil edilməsi tövsiyə olunur. Balıqlar, xüsusən də dəniz balıqları, yüksək keyfiyyətli protein, omeqa-3 yağ turşuları, vitaminlər və minerallarla zəngindir. BAKU.WS xəbər verir ki, bununla belə, bəzi risklər və fərqli balıq növləri arasındakı xüsusiyyətləri bilmək də vacibdir.
Market və bazarlarda təklif olunan balıqlar ya dəniz, çay balığı olur, ya da el arasında "damba" adlandırılan süni su hövzələrində böyüdülən balıqlar olur.
Bəzən vətəndaşlar balıq alarkən aldığı məhsulun hansına aid olmasında çətinlik çəkir. Bəs bunu necə fərqləndirmək olar? Ümumiyyətlə balığın hansı fayda və zərərləri ola bilər?
Balıq yeməyin faydalarından danışsaq aşağıdakıları qeyd edə bilərik:
Ürək sağlamlığı: Omeqa-3 yağ turşuları ürək və damar sağlamlığını qoruyur. Balıq yemək xolesterol səviyyəsini aşağı salmağa, qan təzyiqini nizamlamaya və infarkt riskini azaltmağa kömək edir.
Beyin fəaliyyəti: Omeqa-3 yağ turşuları beyində sağlam hüceyrələrin yaranmasını dəstəkləyir, yaddaş və zehni qabiliyyətləri gücləndirir. Hamilə qadınların balıq yeməsi dölün beyin inkişafına da müsbət təsir edir.
Depressiya və stresin azaldılması: Tədqiqatlar göstərir ki, balıqda olan omeqa-3 yağ turşuları stress və depressiya əlamətlərini azaltmağa kömək edir.
Görmə qabiliyyəti: Balıqdakı A və D vitaminləri göz sağlamlığı üçün faydalıdır, görmə qabiliyyətini gücləndirir və yaşla bağlı göz xəstəliklərinin riskini azaldır.
İmmunitet sisteminin gücləndirilməsi: Balıqda olan vitamin və minerallar immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır.