İngiltərənin Oksford Universiteti deksametazon adlı dərmanın ağır koronavirus xəstələrinin müalicəsinə yaradığına dair araşdırma aparıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bu, oksigen və ventilyasiya dəstəyinə ehtiyac duyan xəstələrdə ölüm riskini aşağı saldığını göstərən ilk müalicədir. O deyib ki, ÜST-ün klinik bələdçisi dərmanın COVID-19 xəstələrində necə və nə zaman istifadəsinə dair bütün təlimatları göstərəcək. Maraqlıdır, adıçəkilən dərman doğurdanmı koronovirusu müalicə edir?
Professor Adil Qeybulla pandemiya təcrübəsi boyu müxtəlif bəyanatların səsləndiyini deyib:
“ABŞ Prezidenti Donald Tramp çıxışında bir neçə dərmanın adını çəkərək müalicədə əsas vasitənin həmin preparatlar olduğunu demişdi. Bu cür təşəbbüslər çoxdur. Deksametazon bədəndə istehsal olunan bir hormondur. Dərmanın anti-iltihabi xüsusiyyəti var və demək olar ki, gündəlik praktikada istifadə olunur”.
Professor belə düşünür ki, COVID-19-un konkret müalicəsi yoxdur: “Əgər söhbət qabaqlayıcı tədbir kimi profilaktikadan gedirsə, konkret virusu öldürən bir dərman lazımdır. Bu dərman remdesivirdir və artıq təcrübəyə buraxılıb, insanlar üzərində tədqiqatlar aparılır. Digəri isə vaksindir ki, bu, hələ istehsal olunmayıb. İstehsal ediləndən sonra bu vaksinin özünü necə aparması çox böyük sual altındadır. Ümumiyyətlə, deksametazon, prednizalon, diplastiya və digər bir sıra dərmanları müalicə prosesində işlədilir”.