Tərtər rayonunda 2000-ci il təvəllüdlü Saleh qısqanclıq zəminində həyat yoldaşı Nailəni (adlar şərti verilib - red.) qətlə yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Saleh qeyri-rəsmi nikahda olduğu arvadı Nailənin başqa şəxslə telefonla danışmasını əsas götürib və ona xəyanət etməsi qənaətinə gəlib. Münasibətləri sonlandırmaq məqsədi ilə onu atası Əzimin evinə göndərib.
Ailə üzvlərinin yanında olan Nailənin keçmiş sevgilisi - Bərdə rayon sakini Həmzə Salehə zəng edib və Nailə ilə telefonla danışdığını etiraf edib. Nailənin xəyanət etdiyinə əmin olan Saleh onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədilə 4 may 2023-cü ildə keçmiş arvadıyla telefonla əlaqə saxlayıb və övladını görmək arzusunu ona bildirib. Sonra Nailənin atası evinə gəlib. Nailə ilə həmsöhbət olduğu zaman ona hansı səbəbdən xəyanət etdiyini aydınlaşdırmaq istəyib.
Həyətdə qızılgül kolunun yanında təkbətək bir qədər söhbət etdikdən sonra Saleh yaranmış mübahisədən qəzəblənib. Ətrafda heç kimin olmadığını görüb və gödəkcəsinin cibindən bıçağı çıxarıb, Nailəyə ümumilikdə 5 zərbə vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2020-ci ildə Nailə ilə ailə həyatı qurub: "Amma rəsmi nikah bağlamadıq. Birgə nikahdan bir uşağımız var. Hazırda uşaq babasının himayəsində yaşayır.
Nailə ilə atama məxsus evdə yaşamışıq. Hadisədən təxminən 4-5 gün əvvəl axşam saat 22 radələrində işdən çıxdım və Nailənin evdə olmadığını, atası evinə getdiyini bildim. Evin pəncərəsinə yaxınlaşdıqda anamın atama baş verənlər barədə mənə heç nə deyilməməyi tapşırdığını eşitdim. Evə daxil olanda valideynlərimə hər şeyi eşitdiyimi dedim və valideynlərimdən soruşdum ki, Nailə telefonla kimləsə danışıb, yoxsa nə edib?
Valideynlərim məni sakitləşdirməyə çalışdılar, and içdirdilər ki, arvadıma heç nə etməyim. Mən də and içdim ki, baş verənləri danışsınlar. Valideynlərim bildirdilər ki, Nailə azyaşlı bacım oğlunun mobil telefonu vasitəsi ilə tanımadığımız bir kişi ilə danışıbmış.
Bunu necə öyrəndiklərini soruşdum, atam bildirdi ki, həmin gün bacım oğlunun mobil telefonuna zəng gəlib, uşaq telefonu açanda bir nəfər qadın bacım oğlundan Nailəni soruşub, onu təhqir etməyə başlayıb. Bacım oğlu dərhal telefonu bacısı Əminəyə verib.
Əminə ilə telefonda danışan qadın bildirib ki, Nailə əri Həmzə ilə telefonla danışaraq onun ailəsini dağıdır. Ona görə həmin qadın Nailənin nömrəsini tələb edib".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra bacısı həmin qadına atasının nömrəsini verərək onunla əlaqə saxlamasını xahiş edib: "Qadın atama zəng edərək Nailənin onun ərindən əl çəkmədiyini, "Whatsapp" mobil tətbiqi vasitəsi ilə ərinə görüntülü zəng etdiyini, telefonu açmadıqda ərinə mesaj yazdığını deyib.
Mən atamdan qadının mobil nömrəsini götürdüm. Səhəri gün ona zəng etdim, Nailənin əri olduğunu dedim. Danışmağa başlayarkən qadının anası telefonu qızından alaraq məni təhqir etdi. Dedi ki, sən necə kişisən, mənim qızımdan kömək istəyirsən, kişisənsə get arvadının başını kəs, mənim yeznəmdən əl çəksin.
Bu sözləri deyəndən sonra telefonu yenə qızına verdi. Qadın bildirdi ki, əri Həmzə ilə arvadım 2018-ci ildən sevgili olublar.
Mən arvadımla görüşərək danışmaq üçün onun atası evinə getdim. Nailənin atası Əzim, anası Zibeydə də evdəydilər. Nailədən baş verənlər barədə soruşdum. Hər şeyi etiraf edərək o, həqiqətən də Həmzə ilə danışdığını bildirdi. Ağlasa da onun göz yaşlarına inanmadım, mənə xəyanət etdiyini bildirdim. Sonra yaşadığım evə getdim.